Müğənni Aygün Bəylərin qətldə təqsirləndirilən qardaşının məhkəməsində vəkillər çıxış edib

Müğənni Aygün Bəylərin qətldə təqsirləndirilən qardaşının məhkəməsində vəkillər çıxış edib
# 05 oktyabr 2017 16:00 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Abbas Hümbətov, Fuad Məmmədzadə, Elmur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrlik etdiyi iclasda hakim tərəflərə xəbərdarlıq edib. Bildirib ki, heç kim məhkəməyə təsir etməyi düşünməməlidir: "Aclıq etmək, özünə xəsarət yetirmək kimi məsələlər təsir vasitəsi deyil. Günahı olan cəzasını alacaq. Hər hansı təsir vasitəsini ağlınızdan çıxarın".

Prosesdə zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Bəylər Məmişov da çıxış edib. Bildirib ki, təqsirləndirilən şəxslər bir-birlərini ifşa edən ifadələr veriblər. Vəkil təqsirləndirilən şəxslərin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra iclasda təqsirləndirilən şəxslərdən F. Məmmədzadənin, E. Alxazovun vəkilləri çıxış edib. Onlar müdafiə etdikləri şəxslərin günahı olmadığını, ittihamın əsassız olduğunu deyiblər. Vəkillər məhkəmədən müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Proses oktyabrın 20-də davam edəcək.

Xatırladaq ki, prokuror Abbas Hümbətovun 19 il 6 ay, Ramil Əsirovun 20 il, Fuad Məmmədzadənin 20 il, Elnur Əsirovun 18 il, Elmir Alxazovun 20 il, Cavid Alxazovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin 2016-cı il avqustun 29-da yaydığı məlumatda bildirilir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümbətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilərək basdırılması müəyyənləşdirilib. E.Hümbətovun meyiti eksqumasiya edilib. İstintaq orqanı tərəfindən Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnurun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi açılıb.

Cinayət hadisəsini törətməkdə təqsirləndirilən şəxslərdən Abbas Hümbətov müğənni Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümbətov isə əmisi nəvəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR