Macarıstan səfiri: “Cənub Qaz Dəhlizini prioritet hesab edirik” - MÜSAHİBƏ

Macarıstan səfiri: “Cənub Qaz Dəhlizini prioritet hesab edirik” - <span style="color: red;">MÜSAHİBƏ
# 22 fevral 2017 08:12 (UTC +04:00)

İmre Laslotski: “Azərbaycan Silahlı Qüvvələrinin bir hissəsi NATO standartlarına uyğun fəaliyyət göstərir”

Macarıstanın Azərbaycandakı səfiri, bu ildən NATO-nun Azərbaycandakı rezident-əlaqələndiricisi İmre Laslotskinin APA-ya müsahibəsi

- Bu il Macarıstan və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edirlər. Bu iki ölkə həm də strateji tərəfdaşdırlar. Münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?

- 2014-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin Budapeştə səfəri zamanı Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Bu tərəfdaşlıq bütün sahələrdə - siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafını özündə əks etdirir. Ölkələrimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir və siyasi əlaqələrimiz mükəmməldir. Münasibətlərimizdə açıq qalan məsələlər və gərginlik mövcud deyil. Ölkələrimiz arasında ortaq tarixi köklər və xalqlarımız arasında qarşılıqlı rəğbət əməkdaşlıq üçün mükəmməl baza yaradır. Mən növbəti iclasının bu ilin yazında Macarıstanda keçirilməsi nəzərdə tutulan hökumətlərarası komissiyanın uğurlu işini qeyd etmək istərdim. Biz eyni zamanda Azərbaycan prezidentinin Macarıstana səfəri üzərində işləyirik. Əvvəllər prezidentlərimiz iki ildən bir görüşürdülər. Lakin 2016-cı ildə onlar hər il görüşəcəklər. Bu isə əməkdaşlığı daha intensiv və aktiv edir. Heydər Əliyev Fondu və Macarıstanın Azərbaycandakı səfirliyinin əməkdaşlığı ilə martın 16-17-də səfirlik “Macarıstanda Azərbaycan Günləri” adı altında bir sıra mədəni və elmi tədbirlər təşkil edəcək. Bu tədbir çərçivəsində Bakıda kitab və film təqdimatı olacaq, dəb nümayişi, incəsənət sərgisi, konsert və qastronomik tədbirlər təşkil ediləcək. Biz həmçinin 2017-ci ilin payızında böyük macar yazıçısı və bəstəkarı Zoltan Kodali və “Böyük macarıstanlı” İstvan Szeçenyinin yubileyinə həs olunmuş bir sıra mədəni və elmi tədbirlər keçirməyi planlaşdırırıq.

- İki ölkə arasında iqtisadi münasibətləri necə qiymətləndirirsiniz? Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi ötən il nə qədər olub?

- İqtisadi münasibətlərə dair onu deyə bilərəm ki, Macarıstanın Cənubi Qafqazla apardığı ticarət həcminin 50 faizi Azərbaycanın payına düşür. Ticarətin müntəzəm artımı 2013-cü ildən müşahidə edilir. 2015-ci ildə ticarət dövriyyəsi 50 min dollar olub. Ötən ilin ilk 11 ayında bu, 50 milyon təşkil edib. Macarıstandan Azərbaycana əsasən əczaçılıq vasitələri, aqrar məhsullar və texnologiyalar, elektrik avadanlıqlar və aparatları, avtomobillər, qida məhsulları, içkilər və iri buynuzlu heyvanlar ixrac edilir. Ticarət dövriyyəsində artımla yanaşı, ilkin məqsəd ikitərəfli investisiyanın təşviq edilməsidir və azərbaycanlı tərəfdaşlarımızla qabaqcıl texnologiyalara əsasən birlikdə layihə əsaslı uzunmüddətli əməkdaşlığı inkişaf etdirmişik. Macarıstan şirkətləri Azərbaycanla kənd təsərrüfatı, İKT sektoru, şəhər planlaması, enerji səmərəliliyi, yol və infrastruktur tikintisi, su təchizatı və idarəçiliyi, ətraf mühit sahəsi və səhiyyə sahəsində əməkdaşlıq etməyə hazırdır. Macarıstanın iqtisadi inkişafı Azərbaycanla strateji əməkdaşlıq üçün böyük imkanlar verir. Macarıstan azərbaycanlı investorlar üçün yaxşı platformadır.

- Bu ildən başlayaraq Macarıstan Azərbaycanda NATO-nun rezident-əlaqələndiricisi vəzifəsini icra edir. Bu mandat çərçivəsində planlarınız nədir? Ümumiyyətlə, NATO ilə Azərbaycan arasında əlaqələri necə qiymətləndirirsiniz?

- Macarıstan və Macarıstanın Azərbaycandakı səfirliyi Azərbaycanın NATO üçün etibarlı tərəfdaşı imicini təşviq edəcək. Bu, həqiqətən də belədir. Biz Azərbaycanla NATO arasında əlaqəni dəstəkləyəcəyik, yüksək səviyyəli fikir mübadilələrinə təkan verəcəyik, görüşlər və seminarlar təşkil edəcəyik, NATO-dan Azərbaycana olacaq səfərləri dəstəkləyəcəyik. Bununla yanaşı, biz Azərbaycanın təhsil və media institutlarının NATO-nun Brüsseldəki baş qərargahına səfərlərini təşkil etmək niyyətindəyik. Biz NATO sammitindən və digər yüksək səviyyəli görüşlərdən sonra NATO-nun strategiyası barədə məlumat verəcəyik və mən bizim Azərbaycanda nə işlər gördüyümüz və NATO qlobal təhlükəsizlik mühiti naminə buradan kənarda nələr etməsinin daha yaxşı anlaşılması üçün müsahibələr verməyə hazıram. NATO-nun rezident əlaqələndiricisi kimi biz 2017-ci ilin ikinci yarısında regional təhlükəsizliyə dair bir sıra konfranslar keçirməyi planlaşdırırıq.

Azərbaycan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı proqramına 2004-cü ildə qoşulub. Lakin hətta onda əvvəl də Azərbaycan NATO ilə fərdi əməkdaşlığa hazır olub. Bu, o deməkdir ki, Azərbaycan NATO ilə əməkdaşlığın ilk günündən özünü fərqləndirib. Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq Təqdimat Sənədinə 1997-ci ildə və Planlaşma və Analiz Prosesinə 1997-ci ildə qoşulub. Ölkəniz 2015-ci ildən 4 Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı dövrünü müvəffəqiyyətlə başa vurub. Bunun nəticəsində Azərbaycan müdafiə qüvvələri öz milli öhdəliklərini yerinə yetirməyə, NATO tərəfindən həyata keçirilən əməliyyatlarda iştirak etməyə və digər Sülh Naminə Tərəfdaşlıq orduları ilə işləməyə və ya məsələn, Əfqan Milli Ordusunun əsgərləri üçün treninq keçirməyə qadirdirlər. Bunlar böyük nailiyyətlərdir. Azərbaycan xalqı haqlı olaraq milli Silahlı Qüvvələri ilə fəxr edir. Bu qüvvələrin bir hissəsi NATO standartlarına uyğun fəaliyyət göstərir, NATO əməliyyatlarında, enerji təhlükəsizliyi, mülki fövqəladə planlaşma işlərində, təhlükəsizlik çağırışlarına qarşı mübarizədə iştirak edir. NATO-nun siyasi və hərbi rəhbərliyi, bütün üzvləri, o cümlədən Macarıstan Azərbaycanın NATO əməliyyatlarına töhfəsini yüksək qiymətləndirir. NATO baş katibi dəfələrlə Azərbaycanın Kosovo və Əfqanıstan əməliyyatlarında iştirakını yüksək qiymətləndirdiyini bildirib. Əvvəlki baş katib Anders Foq Rasmussen 2014-cü ildə Azərbaycan prezidentinin NATO baş qərargahına səfəri zamanı öz təşəkkürünü bildirib və yeni baş katibi Yens Stoltenberq ötən ilin dekabrında Brüsseldə Qətiyyətli Dəstək Missiyasının görüşü zamanı xarici işlər naziri Elmar Məmmədyarova minnətdarlığını ifadə edib. NATO xalqları ilə birlikdə çəkmə döymək və ya əsgərlərin dediyi kimi, “eyni palçığı iyləmək” tərəfdaş ölkə üçün ən böyük nailiyyətdir. Hazırda 94 Azərbaycan əsgəri Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında xidmət edir.

- Əlaqələrin əsas sahəsi enerji sektorudur. Macarıstanın Cənub Qaz Dəhlizi layihəsindən gözləntiləri nədir? Ölkənizi Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasında kim təmsil edəcək?

- Macarıstanın enerji təhlükəsizliyi çox həssasdır. Bu baxımdan biz enerji axınının diversifikasiyası, xüsusilə qaz ixracı imkanlarının axtarışındayıq. Cənub Qaz Dəhlizi layihəsi bizim üçün mənbəni və istiqamətləri diversifikasiya etmək imkanı verir və biz bu layihəni prioritet hesab edirik. Azərbaycan bu böyük layihənin təşəbbüskarıdır və onu “Şahdəniz II” vasitəsilə qazla təmin edəcək. Tək Macarıstan deyil, həmçinin enerji mənbələri və xətlərinin diversifikasiyasında maraqlı olan bütün Avropa ölkələri bunu qiymətləndirir. Hazırda bir sıra imkanlar nəzərdən keçirilir, lakin fikrimizcə, Macarıstanı CQD ilə birləşdirəcək ən yaxşı xətt Yunanıstan-Bolqarıstan birləşdirici boru xəttidir. Bu xəttin davamı olaraq müvafiq birləşdirici xətlərlə Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya qaz dəhlizinin yaradılması Avropa Komissiyası tərəfindən dəstəklənir və bu layihə hazırda nəzərdən keçirilir. Biz inanırıq ki, sürətlə inkişaf edən sıxılmış təbi qaz (LNG) bazarı qlobal təbi qaz satışına ən yaxşı alternativdir. Qeyd etmək istəyərdim ki, layihənin iştirakçısı kimi Macarıstan əsasən Azərbaycan təbii qazının daşınmasını nəzərdə tutan AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya) layihəsinin həyata keçirilməsi işinə sadiqdir.

- Azərbaycanın reallaşdırmaq istədiyi layihələrdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bu layihə Avropa ilə Çin arasında əlaqə yaratmağı nəzərdə tutur. Macarıstan bu layihədən yararlana bilərmi?

- Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi tərəfindən irəli sürülmüş Şərqə Açılma Siyasəti çərçivəsində biz “Şərq tərəfdaşlığı”, Mərkəzi və Şərqi Asiya ölkələri ilə siyasi əlaqələri və ticarət dövriyyəsini artırmaq istəyirik. Biz hesab edirik ki, Şərqlə Qərbi birləşdirəcək istənilən infrastruktur layihəsi çox vacibdir. Bu baxımdan bu il istifadəyə veriləcək Bakı-Tbilisi-Qars layihəsinə böyük önəm veririk. Macarıstan 2014-cü ildə BTQ layihəsinin təqdim edildiyi konfransda iştirak edib. Macarıstan tərəfi BTQ layihəsində iştirakda və ona qoşulmaqda maraqlıdır. Çünki bu dəmir yolu xətti Asiyaya olan nəqliyyat məsafəsini və zamanı qısaldacaq.

- Macarıstan azərbaycanlıların təhsil baxımından ən çox müraciət etdiyi ölkələrdən biridir. Bu sahədə əlaqələri genişləndirmək baxımından hansısa planlarınız varmı?

- Humanitar və təhsil baxımından onu deyə bilərəm ki, Macarıstan hökuməti Azərbaycan tələbələri üçün çox böyük təhsil proqramları təşkil edib. 2015-ci ildən etibarən hər il azərbaycanlı tələbələr üçün 200 yer ayrılır. Proqram çərçivəsində Macarıstan hökuməti təhsil ödənişini təmin edir, aylıq təqaüd verir, tibbi sığorta, yataqxana və ya yaşayış üçün aylıq ödəniş təklif edir. Ötən il 180 azərbaycanlı tələbə təqaüd proqramından yararlanıb. Biz bu il rəqəmin artacağını gözləyirik. Təhsil nazirləri arasında ilk iş planı bu il başa çatacaq. Biz həmçinin ümid edirik ki, bu yaxşı ideya, yaxşı proqram gələn il də davam edəcək. 2016-cı ildə Macarıstanın baş naziri Azərbaycana səfər edərkən Azərbaycan və Macarıstan universitetləri arasında 2 anlaşma memorandumu imzalanıb.

- Ötən ilin sonunda Avropa İttifaqı Şurası Azərbaycanla yeni saziş üzrə danışıqlara başlamaq üçün mandat verdi. Macarıstanın bu məsələ ilə bağlı mövqeyi necədir?

- Bu, Azərbaycanla Aİ arasında əməkdaşlığı gücləndirmək baxımından çox vacib addımdır. Macarıstan bütün hallarda Azərbaycanla Aİ arasında əlaqələrin inkişafını dəstəkləyir. Ötən il noyabrın 14-də Aİ Şurası Avropa Komissiyasına və Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəyə Aİ və onun üzvləri adından Azərbaycanla hərtərəfli saziş üzrə danışıqlara başlaması üçün mandat verib. Yeni sazişin Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəz etməzi və Aİ və Azərbaycanın bu gün üzləşdiyi çağırışlar və vəzifələri daha yaxşı nəzərə alması planlaşdırılır. Yeni saziş üzrə danışıqlar Azərbaycan prezidenti İlham Əliyevin fevralın 6-da Brüsselə səfərindən sonra fevralın 7-də başlayıb. Yeni saziş 2015-ci ildə Avropa Qonşuluq Siyasəti icmalında təsdiqlənmiş prinsiplərə riayət edəcək və Aİ ilə Azərbaycan arasında siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq üçün yenilənmiş baza təklif edəcək.

- Hökumətlərarası komissiyanın növbəti iclası nə zaman və harada keçiriləcək? Hər iki ölkənin biznes forum keçirmək planları varmı?

- Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyası iqtisadi əlaqələrimizin inkişafı üçün vacib institutdur. Bu komissiya 2010-cu ildə yaradılıb və bu günə kimi 6 iclası olub. Komissiyanın Macarıstan üzrə həmsədri xarici işlər naziri Peter Siyarto, Azərbaycan tərəfdən həmsədri isə iqtisadiyyat naziri Şahin Mustafayevdir. Biz komissiyanın 7-ci iclasını bu ilin birinci yarısında Budapeştdə keçirməyi planlaşdırırıq. İlkin planlara əsasən bu görüş çərçivəsində biznes forumun keçirilməsi də nəzərdə tutulur.

- Bildiyiniz kimi, Azərbaycan öz iqtisadiyyatını diversifikasiya etmək siyasəti yürüdür. Macarıstan Azərbaycanın bu niyyətinə hansı şəkildə töhfə verə bilər?

- Macarıstanın baş naziri Viktor Orbanın ötən ilin martında Azərbaycana səfəri zamanı iqtisadi əməkdaşlığın əsas istiqamətləri və əsas perspektivli sahələr müəyyənləşdirilib. Bu istiqamətlərə infrastrukturun, kənd təsərrüfatının, enerji sahəsinin inkişafı, su sənayesi sahəsində əməkdaşlıq və informasiya texnologiyaları sahəsi daxildir. Səfər zamanı bir sıra razılaşmalar, o cümlədən müxtəlif obyektlərin mühafizəsi texnologiyası üzrə razılaşma, elektron parketmə və digər ödəniş sistemlərinin yaradılması barədə razılaşma, həmçinin kənd təsərrüfatı və qida sənayesi sahəsində razılaşmalar imzalanıb. Baş nazirin Azərbaycana səfəri zamanı tərəflər qərara gəliblər ki, mükəmməl siyasi əlaqələrin və daha əvvəllər əldə edilmiş nailiyyətlərin fonunda iqtisadi əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq və qlobal iqtisadiyyatın yeni tələblərini nəzərə almaqla, Macarıstan-Azərbaycan iqtisadi əməkdaşlığının strukturunu dəyişmək vacibdir.

Macarıstan Azərbaycana nəqliyyat sahəsində gediş haqlarının elektron yığılması, kənd təsərrüfatı istehsalı, şəhər planlaması, enerji təchizatı, su sənayesi sahələrində elektron sistemin tətbiqi ilə bağlı yeni texnologiya təklif edir. Macarıstan həmçinin kənd təsərrüfatı məhsullarının emalı və qida sənayesi sahəsində də yeni texnologiyalar təklif edir. Bu sahələrdə Macarıstan yüksək səviyyədə texnologiyaya malikdir. Hər iki ölkə yüksək texnologiyalar daxil olmaqla, bir sıra sahələrdə birgə müəssisələrin yaradılmasında maraqlıdır. Macarıstan şirkətləri artıq Azərbaycanla bir sıra layihələrin icrasına başlayıb. Son təkliflərdən biri Azərbaycanın cənub regionlarından birində Azərbaycan sənaye parkları və qruplarının təqdim etdiyi investisiya güzəştləri vasitəsilə dərman bitkilərinin emalı və ədviyyatların istehsalı sahəsində zavodun tikilməsidir. Macarıstan həmçinin Azərbaycanda əczaçılıq zavodun tikintisi planını da nəzərdən keçirir. Macarıstan strateji razılaşmanın tez əldə olunması daxil olmaqla, bütün yollarla Azərbaycan və Aİ arasında əlaqələrin inkişafını dəstəkləyir. Macarıstan Azərbaycan biznesinin Avropa İttifaqı bazarına daxil olması üçün kömək edə bilər.

- Turizm sahəsində əlaqələrin inkişafı üçün hansısa layihələr varmı?

- 2014-cü ilin noyabrında Macarıstan Milli İqtisadiyyat Nazirliyi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq razılaşması imzalanıb. Macarıstanın “Wizz Air” şirkəti 2016-cı ilin martından Bakı-Budapeşt birbaşa hava xəttini istifadəyə verib. Macarıstan turizm şirkətləri bundan sonra Azərbaycan bazarına maraq göstərməyə başlayıblar. Ötən ilin aprelində Bakıda Vışeqrad qrupu ölkələrinin birgə turizm təqdimatı baş tutdu. Bu isə Azərbaycan turizm şirkətlərinin marağını artırdı, həmçinin Macarıstan turizm şirkətlərinin Azərbaycan bazarına marağına səbəb oldu. Bu yaxınlara kimi Azərbaycan turizm şirkətləri Macarıstan dedikdə Budapeşt və ya Balaton gölünü nəzərdə tuturdular, lakin artıq birgə səfərlərə (Budapeşt-Vyana), o cümlədən Macarıstanda sağlamlıq və spa səfərlərinə maraq artıb.

- Siz ölkənizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəfələrlə qeyd etmisiniz. Sizcə, münaqişənin tez bir zamanda həlli üçün nəyə ehtiyac var?

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Macarıstan aydın mövqeyə sahibdir. Bu mövqe Aİ-nin mövqeyi ilə üst-üstə düşür. Biz münaqişənin beynəlxalq hüquq və standartlara əsaslanaraq sülh yolu ilə həllini, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik.

- Bu il qarşılıqlı olaraq hər hansı rəsmi səfərlərin gerçəkləşməsi gözlənilirmi?

- Bayaq qeyd etdiyim kimi, biz Azərbaycan prezidenti İlham Əliyevin Macarıstana səfərini və növbəti hökumətlərarası komissiyanın iclasını gözləyirik. Bununla yanaşı, “Bakıda Macarıstan günləri” çərçivəsində keçiriləcək tədbirlərdə bir sıra rəsmi şəxslərin iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR