Uşaqlarda ağızda olan anomaliyaların səbəbi açıqlanıb

Uşaqlarda ağızda olan anomaliyaların səbəbi açıqlanıb
# 10 fevral 2017 09:31 (UTC +04:00)

“Respublika Uşaq Stomatoloji Mərkəzi əsalı təmirdən sonra ötən il iyulun 1-dən yenidən fəaliyyətə başlayıb. Həmin vaxtdan bu günə kimi mərkəzə 32 108 nəfər müraciət edib. Onlardan 13 251 nəfər müalicəyə cəlb edilib”.

APA-nın xəbərinə görə, bunu Respublika Uşaq Stomatoloji Mərkəzinin baş həkimi Azər Əliyev keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müraciətlər əsasən müalicə və cərrahiyyə ilə bağlı olub.

A. Əliyev qeyd edib ki, son vaxtlar uşaqlarda baş verən anomaliyalar zərərli vərdişlərin nəticəsidir: “Uşaqların uzun müddət əmzik (soska), barmaq və ya dilin sovurması sonradan çənədə müəyyən problemlərin yaranmasına səbəb olur. Çənədə baş verən anomaliyalar da burun-tənəffüs funksiyasının pozulması ilə nəticələnir. Süd dişlərinin vaxtında müalicə edilməməsi və vaxtından tez çəkilməsi sonradan diş əyriliyinə və digər problemlərə səbəb olur. Süd dişi vaxtından tez çəkildikdə, diş mayasını zədələyir, nəticədə dişin toxuması bərkiyir. Ona görə də daimi diş çıxdıqda, həmin yerdən deyil, kənardan əyri çıxır”.


Baş həkim əlavə edib ki, uşaqlarda əsasən kariyes boşluğu və selikli qişada müəyyən somatitlər aşkarlanır. Məktəblərdə uşaqlarla bağlı profilaktika işlərinin aparılmasının mühüm məsələ olduğunu deyən A. Əliyev qeyd edib ki, dişləri səhərdənsə, gecə yatmazdan öncə təmizləmək daha vacibdir: “Uşaqlar başa düşməlidir ki, gündə iki dəfə, əsas da axşam saatlarında dişləri fırçalamaq lazımdır. Dişi vaxtından tez çəkmək olmaz. Böyüklərə baxan həkimlər bunu bəzən bilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR