Azərbaycanda təbii fəlakətlər zamanı yarana biləcək zərərin azaldılması üçün yeni yanaşma təklif edilib

Azərbaycanda təbii fəlakətlər zamanı yarana biləcək zərərin azaldılması üçün yeni yanaşma təklif edilib
# 18 aprel 2017 15:22 (UTC +04:00)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib. AMEA-dan APA-ya verilən xəbərə görə, tədbirdə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iclasın seysmik təhlükələr, zəlzələlər və təbii fəlakətlər mövzusuna həsr olunduğunu bildirib.

Sonra Almaniyanın Karlsrue Universitetinin professoru, Beynəlxalq Geodeziya və Geofizika İttifaqının Baş katibi Alik İsmayıl-zadə "Seysmik təhlükə, zəlzələlər və təbii fəlakətlər: Onlar proqnozlaşdırıla bilərmi?" mövzusunda məruzəsini təqdim edib. O bildirib ki, episentral zonalarda rəqəmli olaraq qeyd olunan qrunt titrəyişlərinin səviyyəsi seysmik təhlükənin sadə nöqtəvi alqoritmlər vasitəsilə hesablanması əsasında layihələşdirilən binalar üçün müəyyən edilmiş titrəyiş səviyyəsindən yüksəkdir. Təbii təhlükələr və fəlakətlər arasında qarşılıqlı əlaqələrin öyrənildiyini deyən alim təbii hadisələrin təsirinin təhlükəsizlikdə buraxılan zəif məqamlar və ya boşluqlarla birbaşa əlaqədar olduğunu söyləyib.

A.İsmayıl-zadə zəlzələlər və digər təhlükələrdən yaranan riskin inteqral tədqiqinə yeni yanaşma təklif etdiyini bildirib: "Bu yanaşma təbii fəlakətlərin və dayanıqlılığın daha dərin tədqiqinə, sistemli analiz vasitəsilə riskin qiymətləndirilməsinə yönəlib. Yanaşma təbii fəlakətlər zamanı yarana biləcək zərərin azaldılması istiqamətində tövsiyyələr paketinin hazırlığını nəzərdə tutur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR