Bakı-Sofiya aviareysi yanvardan işə salınır

Bakı-Sofiya aviareysi yanvardan işə salınır
# 01 dekabr 2017 10:18 (UTC +04:00)

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Bolqarıstanın ölkəmizdəki səfirinin birinci müavini Yanko Yanakiyev və konsulu Kirill Apostolovu qəbul edib.


Assosiasiyadan "APA-Economics"ə verilən məlumata görə, görüş zamanı ölkələr arasında viza prosedurlarının sadələşdirilməsinin aktuallığı məsələsi qeyd olunub. Belə ki, 16 yanvar 2018-ci il tarixdən Bakı-Sofiya birbaşa aviareysləri təşkil olunacaq.

N. Bağırov səfirlik tərəfindən bir neçə yerli turizm şirkətinin akkreditasiya edilməsini təklif edib, çünki bu prosedurların sadələşməsinə, eləcə də turist axınının artımına səbəb ola bilər.

Y. Yanakiyev qeyd edib ki, Bolqarıstanda turizmin təbliğatı hökumət səviyyəsində aparılmır, buna görə də bu işlərin AZTA tərəfindən aparılması qarşılıqlı turist axınına əlavə dəstək ola bilər. Birinci müavin, həmçinin Azərbaycan və Bolqarıstan qış kurortları arasında əməkdaşlıq imkanlarından, bu şəhərlərin qardaşlaşmış-şəhərlər olması imkanlarından, eləcə də yay aylarında çarter aviareyslərinin təşkili imkanlarından danışıb.

K. Apostolov qeyd edib ki, səfirliyin təqdim etdiyi vizalar həmçinin Rumıniya, yunan Kipri və Xorvatiya üçün keçərlidir və bu da Bolqarıstanı azərbaycanlı turistlər üçün daha da cəlbedici istiqamət edir. İndiyə kimi, səfirlik cəmi 20 nəfərə viza təqdim etməkdən imtina edib və bunların hamısı xarici vətəndaşlar olub. Azərbaycan vətəndaşları üçün vizaların təqdim edilməsində problemlər müşahidə olunmur.

Görüşün nəticəsi olaraq 15 dekabrda səfirlikdə Bolqarıstanın turizm potensialı və viza prosedurları barədə təqdimatın keçirilməsi qərara alınıb. Təqdimatı K. Apostolov keçirəcək. Birinci müavin və konsul qeyd etdilər ki, AZTA ilə əməkdaşlığın hökumət səviyyəsində təşkil olunması üçün xüsusi təkliflər hazırlanacaq və Bolqarıstanın Xarici İşlər Nazirliyinə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR