Qəbələdə eks hökumət və dövlət başçılarının iştirakı ilə X toplantının açılışı olub

Qəbələdə eks hökumət və dövlət başçılarının iştirakı ilə X toplantının açılışı olub
# 10 dekabr 2016 10:43 (UTC +04:00)

Qəbələ şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə X yüksək səviyyəli toplantının açılış mərasimi keçirilib. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim ibrahimov açılış nitqi söyləyib.

O, il ərzində NGBM tərəfindən görülmüş işlərin öz bəhrəsini verdiyini diqqətə çatdırıb. Bu toplantının məhz Qəbələ şəhərində keçirilməsinin təsadüfi olmadığını söyləyən N.İbrahimov Azərbaycanın Bakıdan başqa digər şəhər və bölgələrinin də inkişaf etdiyini nəzərə çatdırıb. “Bü günkü tədbirin Qəbələdə keçirilməsi bir daha sübut edir ki, prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmizin paytaxtı deyil, hər bir şəhəri, kəndi inkişaf edir”.

Sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin 875 illiyinə həsr edilmiş videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycanın görkəmli incəsənət xadimlərinin ifasında Nizami Gəncəvinin bəzi poemalarından parçalar səsləndirilib.

Açılış mərasimində çıxış edən Latviyanın sabiq dövlət başçısı, NGBM həmsədri Vayra Vike-Frayberqa qonaqları salamlayaraq, dekabrın 10-da keçiriləcək panel iclaslarının qısa məzmunu barədə məlumat verib. Qəbələ şəhərinin xüsusi gözəlliyə malik olduğunu vurğulayan xanım Frayberqa 2 gün ərzində Madrid Klubunun iclaslarının bu şəhərdə keçirildiyini bildirib. Bundan əlavə o, çıxışında xalqlar arasında tolerantlıq, dünyada baş verən siyasi proseslər və bu proseslərlə bağlı olan məsələlərə toxunub.

Niderlandın saiq baş naziri Vim Kok isə zorakı ekstremizmin fəsadlarından danışaraq bildirib ki, terrorizmin qurbanları daha çox qadınlar və uşaqlar olur. O həmçinin, son aylar Avropaya güclü miqrasiya axınının, ABŞ-da keçirilən prezident seçkilərinin dünyaya təsirindən söhbət açıb.

Serbiyanın sabiq prezidenti Boris Tadiç çıxışında dünya siyasətinin texnoloji proseslərə uyğun olaraq dəyişikliyə məruz qalmasından, demokratiyanın hazırkı durumundan danışıb. “Bu gün demokratik qaydalar, demokratik dəyərlər dünyada baş verən situasiyalara uyğun şəkildə dəyişir. Bu gü bizi düşündürən əsas məsələ artan zorakı ekstremizmin qarşısını almaq üçün hansı qaydaları qəbul etməli olmağımızdır. İndi dünyada baş verən situasiyaları əvvəlkindən daha çox analiz etməliyik”-deyə sabiq prezident vurğulayıb.

İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin çıxış edərək dünyada baş verən terror hadisələrinin əhatə etdiyi coğrafiyanın daha da genişləndiyini söyləyib.

Dekabrın 11-də də davam edəcək tədbirdə 20 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 50-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm xadimi iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR