Azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən qadının məhkəməsi davam edib

Azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən qadının məhkəməsi davam edib
# 25 oktyabr 2017 10:50 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda şahid qismində Faiq Babayev ifadə verib. O, həmin ailəni tanıdığını, Gülnarənin uşağı tez-tez döydüyünü, onu uşaq evinə vermək istədiyini deyib. Bildirib ki, hadisə vaxtı Gülnarə onlara uşağı ilan sancdığını, sonra günəş şüası vurduğunu deyib. Bir neçə gündən sonra hadisənin necə baş verdiyi bilinib.

Gülnarə Saypullayeva isə ona cavab olaraq uşağı zəhərləmədiyini, döymədiyini deyib: "Mən küçəyə çıxdım, gələndə uşağın dərmanlı südü içib zəhərləndiyini gördüm"

Proses noyabrın 1-də davam edəcək.

Qeyd edək ki, bu il iyunun 14-də Qusarın Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR