"Azərbaycan İpoteka Fondu"nun kapitalı planlaşdırılandan 9 mln. manat az olub

"Azərbaycan İpoteka Fondu"nun kapitalı planlaşdırılandan 9 mln. manat az olub
# 28 sentyabr 2016 08:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Mərkəzi Bank nəzdində fəaliyyət göstərmiş İpoteka Fondunun yenidən təşkil yolu ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılması ilə əlaqədar olaraq, fondun hər birinin nominal dəyəri 1 manat olan 307 mln. 238 min 671 ədəd adi səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınıb.


Palatadan "APA-Economics"ə verilən məlumata görə, səhmlərin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, bundan öncə "Azərbaycan İpoteka Fondu" ASC kapitallaşma həyata keçirməyi planlaşdırıb. Cari ilin martın 3-də "APA-Economics" xəbər verib ki, bu, 2016-cı ilin yenilənmiş dövlət büdcəsində öz əksini tapıb.

Belə ki, bu il ASC-nin nizamnamə kapitalı 50 mln. manat artmalı idi. "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılması haqqında Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmana əsasən, 2005-2015-ci illər ərzində dövlət büdcəsindən Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fonduna ayrılmış vəsaitlər cəmiyyətin nizamnamə kapitalına aid edilib.

Martın 3-ə fondun nizamnamə kapitalının 266 mln. manat olduğunu nəzərə alsaq, ASC-nin kapitalının 316 mln. manata çatdırılması nəzərdə tutulmuşdu.

Lakin MBNP-nin dövlət qeydiyyatına aldığı səhm emissiyasından görünür ki, ASC-nin nizamnamə kapitalı 307 mln. 238 min 671 min manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR