Dövlət məmurunu öldürməkdə təqsirləndirilən həyat yoldaşının məhkəməsində qayınatası ifadə verib

Dövlət məmurunu öldürməkdə təqsirləndirilən həyat yoldaşının məhkəməsində qayınatası ifadə verib
# 14 aprel 2016 16:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə X. İsgəndərovanın ibtidai istintaq zamanı verdiyi bir neçə ifadə elan edilib.

O, ifadələrində ərini öldürmədiyini, onu evə girən bir nəfər oğlanın öldürdüyünü deyib. Bildirib ki, cinayəti törədənin iki nəfər olmasından, hadisədə baldızının əri Mahirin əlinin olmasından şübhələnir. X. İsgəndərova evdə olan qan izlərindən xəbərinin olmadığını da deyib.

Sonra prosesdə X. İsgəndərovanın qayınatası Xalıqverdi İsgəndərov ifadə verib. O, bildirib ki, oğlunun ailəsində vəziyyət hər zaman gərgin olub: “Xalidə hər şeyi yalan danışır, özünü müdafiə edir. Mən ilk gündən hadisənin Xalidə tərəfindən törədildiyini demişəm. Xalidə özü deyirdi ki, Fizuli mənim əlimdə öləcək. Hadisədən səkkiz ay sonra nəvəm Əmanə ilə görüşdüm. O da hadisənin anası Xalidə tərəfindən törədildiyini təsdiqlədi. Onun sözlərinə görə, axşam dalaşıblar. Xalidə Fizulini bıçaqlayıb. Bu zaman Fizuli qaçıb həkimə getmək istəyib. Xalidə deyib ki, o, həkimə getsə, bizi tutacaqlar. Ona görə də onu öldürüb. Hadisədən sonra Xalidə Türkiyədəki Azərbaycan səfirliyində işləyən qardaşına zəng edib. O da deyib ki, belə bir yalan danış. Xalidə mənə məktub yazıb ki, Fizulinin qəbrinin üstünə çəkilən xərcin 50 faizini, üstünə örtməyə aldığı ipəyin pulun sən verməlisən. Hadisə baş verən gün mən onlara gedəndə, gördüm Xalidə bacısı Adilə ilə qan ləkələrini yuyur. Dedim yumayın, qoyun gəlib polislər, ekspert yoxlasın. İstəyirəm Xalidə və onun qardaşı İlyas qanun qarşısında cavab verib ən ağır cəzanı alsınlar” .

Məhkəmə aprelin 19-da davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yanında qətlə yetirilib. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR