Olland “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini yenidən gündəmə gətirir

Olland “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini yenidən gündəmə gətirir
# 29 yanvar 2016 15:02 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Fransa prezidenti Fransua Olland Avropa İnsan Haqları Məhkəməsinin keçmiş fransalı sədri Jan-Pol Kostaya “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan yeni qanun layihəsi üzərində işləmək barədə tapşırıq verib.

APA-nın xəbərinə görə, bu barədə Fransanın “Le Point” dərgisi məlumat yayıb.

“Bizim ən görkəmli hüquqşünaslarımızdan olan Jan-Pol Kostaya daxili hüququmuzda ”erməni soyqırımı” yaddaşını qorumağa imkan verəcək hərtərəfli və təkzibedilməyəcək çıxış yolunu axtarıb tapması üçün tapşırıq vermişəm”, - deyə F. Olland Fransadakı erməni təşkilatlarının Koordinasiya Şurası ilə keçirdiyi ənənəvi illik görüşündə deyib. O, J. P. Kostanın bu məsələ ilə bağlı tez bir zamanda öz nəticələrini təqdim edəcəyini söyləyib.

Xatırladaq ki, 2012-ci ilin fevralında Fransa Konstitusiya Şurası parlamentin qəbul etdiyi “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza tətbiqini nəzərdə tutan qanunu ləğv edib. F. Olland bunun ermənilər, həmçinin fransızlar üçün böyük bir məğlubiyyət olduğunu bildirib: “Qəbul olunacaq yeni qanun da Konstitusiya Şurası tərəfindən ləğv edilərsə və yaxud, Fransanın Avropa İnsan Haqları Məhkəməsi qarşısında cavabdehliyi ilə nəticələnərsə, o zaman bu, ölkəmiz və erməni məsələsi üçün dəhşətli bir məğlubiyyətə çevriləcək, inkaretmənin qələbəsi olacaq”.

Fransa prezidenti bu təşəbbüsün qarşıdan gələn prezident seçkiləri ilə qətiyyən əlaqəli olmadığını da vurğulayıb: “Burada əsas məsələ barışıqdır. Ermənistan da, Türkiyə də, danışıqlar yolunun irəliləməsində yardımını əsirgəməyən Fransanı həmişə öz yanlarında görəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR