Elmar Məmmədyarov: "Ermənilərin Ağdamda təlim keçirməsi təxribat, sülh prosesinə böyük zərbədir"

Elmar Məmmədyarov: "Ermənilərin Ağdamda təlim keçirməsi təxribat, sülh prosesinə böyük zərbədir"
# 29 sentyabr 2016 12:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Təmas xəttində Ermənistan tərəfindən hərbi təlimlərin keçirilməsi məsələsi barədə Nyu-Yorkdakı çıxışımda da qeyd etmişəm. Orada bildirdim ki, bu, böyük təxribatdır".

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Əgər biz sülhdən danışırıqsa, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini deyiriksə, o zaman onların Ağdamda təlim keçirməsi təxribat, sülh prosesinə böyük zərbədir.

Bu baxımdan həmsədrlərə də bu barədə ətraflı məlumat vermişəm ki, onlar da Ermənistan tərəfinə çatdırsınlar ki, belə təxribatlardan çəkinsinlər", - deyə nazir qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR