Qurban Qurbanov: Nəticə oyuna görə oldu

Qurban Qurbanov: Nəticə oyuna görə oldu
# 27 noyabr 2015 00:08 (UTC +04:00)

Bakı-APA. “Əlbəttə istəməzdik evdəki son oyunda məğlub olaq. Təəssüf ki, istədiyimiz alınmadı”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Tottenhem”i qəbul edən Ağdam təmsilçisi meydançadan 0:1 hesablı məğlubiyyətlə ayrılaraq, növbəti mərhələ şansını son tura saxlayıb. Qurbanov qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Fərqli oyuna üstünlük vermişdik. Düşündüyümüz kimi oldu. “Tottenhem”i təbrik edirəm. Futbolçularıma “sağ ol” demək istəyirəm. Çətin oyunda çalışdılar ki, sona qədər mübarizə aparsınlar. Ustalıq səviyyəsi yuxarı olan futbolçulara qarşı çıxış etdilər. Azarkeşlərimizə təşəkkür edirəm. Bütün görüşlərdə bizi dəstəklədilər”.

- Ötən mövsümün son turundakı kimi, eyni vəziyyət yaranıb. İndi daha çətindi, yoxsa komandanın təcrübəsi indi çoxdu?

- Püşk atılanda komandaların gücünün fərqində idik. Futbolçularım əllərindən gələni etdilər. Təcrübəmiz də var. Amma təqvimin sıxlığını da nəzərə almaq lazımdı. Sona qədər çatdırmaq çətindi. Təcrübəmiz ildən-ilə artır. Yəqin ki, İngiltərə klubuna qarşı oynamaq özü bir təcrübədi. Amma 1-2 ilə təcrübə bəs etməz. Belə rəqiblərə qarşı gərək illərlə mübarizə aparasan.

- Növbəti mərhələyə şans varmı?

- Var desəm, yalan olar, desəm yoxdu, yenə yalan olar. Real baxmaq lazımdı, çox çətindi.

- Biz “Qarabağ”dan çox şey gözləyirik?

- Bir tərəfdən buna şad oluram. Çox şey gözləyirsiz. Buna təkcə siz yox, futbolçular da inanmalıdı. Bəzən zəif olsan da, xarakter hesabına güclüyə qalib gələ bilirsən. Uğur gözləməklə, düz edirsiz. Başqa cür inkişaf olmaz.

- Sizcə, nəticə oyuna görə oldu?

- Qol epizodlarını düşünsək, şanssızlıq oldu. Amma rəqib bizdən güclü idi. Onların gücünə görə oyun qurmuşduq. 3-4 real qol epizodumuz oldu. Nəticə oyuna görə oldu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR