Afaq Əliyeva: “Peyvəndlərin sayəsində uşaqlar bir çox xəstəliklərdən qurtulur”

Afaq Əliyeva: “Peyvəndlərin sayəsində uşaqlar bir çox xəstəliklərdən qurtulur”
# 16 fevral 2016 12:12 (UTC +04:00)

“Yeni vaksinlər istifadədən əvvəl, klinik tədqiqatları və araşdırılmaları aparılır və buna 15 ilə yaxın vaxt sərf olunur”

Bakı. Fərid Mirzəyev – APA. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyevanın APA-ya müsahibəsi.

- Peyvəndlərin uşağın immun sisteminə mənfi təsiri ola bilərmi?

- Bir neçə il bundan əvvəl uşaqlar daha az peyvənd qəbul edirdi və daha az xəstəlikdən qorunurdu. İndiki dövrdə isə uşaq daha çox vaksin dozası alır, eyni zamanda hər bir peyvənd dozası ilə bir neçə müxtəlif xəstəlikdən qorunur və bunun sayəsində peyvəndlərlə idarə olunan bütün xəstəliklərdən müdafiə olunmuş olur. Peyvəndin sayı yox, keyfiyyəti əsasdır.

- Bəzi valideynlər belə düşünür ki, uşağın immun sistemi inkişaf etmədiyinə görə peyvənd uşaqlarda fəsadlara yol aça bilər. Bu fikir nə dərəcədə realdır?

- Peyvənd təqvimi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında tərtib olunub. Məhz bu təqvim üzrə aparılan peyvəndlər uşaqları maksimal səviyyədə qoruyur. Peyvəndlərarası intervalı artırmaqla immunitetin lazımı səviyyədə yaranmasına maneə törətmək olar və eyni zamanda, uşaq bu müddət ərzində yoluxucu xəstəliklərə qarşı müdafiəsiz qalar və yoluxma təhlükəsi artar.

- Vaksinin tərkibində hər hansı bir toksiki maddələr olurmu?

- Son zamanlar vaksin tərkibindəki bəzi maddələr valideynləri çox narahat edir. Bəzi çox dozalı flakonlarda buraxılan vaksinlərin tərkibində civə birləşməsi olan tiomersal var. Artıq sübut olunub ki, o az dozada ziyan vermədən orqanizmdən xaric olur. Eyni zamanda, qeyd etmək lazımdır ki, bir dozalı vaksinlərdə tiomersal istifadə olunmur. Hazırda Azərbaycanın dövlət tibb müəssisələrində əsasən bir dozalıq - GDTHibHepB, QPM, HepB, pnevmokok əleyhinə vaksin və s. vaksinlərdən istifadə olunur. Peyvənd tərkibində olan alüminium duzları antigenə qarşı immun cavabı gücləndirir. Alüminiuma görə inyeksiya yerində qızartı və ya şişkinlik ola bilər. Vaksində bu metalın orqanizmə daxil olması ana südü və süni qidaların tərkibindəki olan metalın miqdarından daha azdır.

Bəzi vaksinlərdə konservant kimi formaldehiddən istifadə olunur, onun miqdarı uşaq orqanizminin sintez etdiyi formaldehidlə müqayisədə cüzi miqdardadır.

- Peyvəndlərin nə kimi yanaşı təsirləri ola bilər?

- Uşağın qorunduğu ağır xəstəliklərlə müqayisədə peyvəndlərdən sonrakı yanaşı təsirlər minimum əhəmiyyət daşıyır. Peyvənd yerində qızartı, ağrı, şişkinlik, hərarət əmələ gələ bilər. Belə vəziyyətlərdə ağrıkəsici, hərarət endirici preparatlardan istifadə etmək olar.

- Bəs peyvəndlərarası interval pozulan zaman nə etmək lazımdır?

- Belə hallarda peyvəndə yenidən başlamağa ehtiyac yoxdur. Peyvənd cədvəlinə qaldığı yerdən davam edilməlidir.

- Peyvənd nə zaman vurulmalıdır və hansı peyvəndlər məcburidir?

- Peyvəndlər uşaq doğulduqdan sonra doğum evində vurulmağa başlanır. İlk 12 saat ərzində hepatit B əleyhinə (HepB) peyvənd, 4-7 gün ərzində - vərəm əleyhinə (BCJ) və poliomielit əleyhinə (OPV) peyvəndlər, 2 aylıqda - poliomielit (OPV1), pnevmokok (Pk1) və difteriya, göyöskürək, tetanus, b-tipli hemofil infeksiya və hepatit B əleyhinə (GDTHibHepB1) peyvəndlər, 3 aylıqda - poliomielit (OPV2) və difteriya, göyöskürək, tetanus, b-tipli hemofil infeksiya və hepatit B əleyhinə (GDTHibHepB2) peyvəndlər, 4 aylıqda - poliomielit (OPV3), pnevmokok (Pk2) və difteriya, göyöskürək, tetanus, b-tipli hemofil infeksiya və hepatit B əleyhinə (GDTHibHepB3) peyvəndlər, 6 aylıqda - pnevmokok əleyhinə (Pk3) peyvənd, 12 aylıqda - qızılca, epidemik parotit, məxmərək əleyhinə (QPM) peyvənd, 18 aylıqda - difteriya, göyöskürək, tetanus əleyhinə (GDT) və poliomielit əleyhinə (OPV) peyvənd və 6 yaşda - qızılca, epidemik parotit, məxmərək əleyhinə (QPM), difteriya və tetanus əleyhinə (DT) peyvənd vurulmalıdır.

- Peyvənddən sonra baş verə biləcək əlavə təsirlər xəstəlikdən ağır ola bilər?

- Yeni vaksinlərin istifadəsindən əvvəl, onların klinik tədqiqatları və araşdırılmaları aparılır və buna 15 ilə yaxın vaxt sərf olunur. Bu müddət ərzində vaksinlərin təhlükəsizliyi və effektivliyi araşdırılır və yalnız bundan sonra onların tətbiqinə icazə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR