Nasir Əbdüləziz əl Naser: “BMT Sivilizasiyalararası Alyansın missiyası dialoqu, dözümlülüyü təşviq etməkdir”

Nasir Əbdüləziz əl Naser: “BMT Sivilizasiyalararası Alyansın missiyası dialoqu, dözümlülüyü təşviq etməkdir”
# 25 aprel 2016 17:21 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Bildiyimə görə, BMT-nin baş katibi Azərbaycan prezidentinə zəng edərək Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna qatılmaması ilə bağlı məlumat verib”.

APA-nın məlumatına görə, bunu BMT Sivilizasiyalararası Alyansın ali nümayəndəsi Nasir Əbdüləziz əl Naser deyib.

O bildirib ki, baş katib sivilizasiyalarası alyansa dəstək verən əsas şəxslərdən biridir: "3 gün əvvəl onun qərarı barədə eşitdim. Ondan zəng aldım, o izah etdi ki, onun iştirakını tələb edən bir sıra məsələlər var. BMT baş katibi bir daha vurğulayıb ki, alyansın Bakıdakı tədbirinə yüksək dəstək verir. Bu forum BMT üçün vacib tədbirdir".

Naser qeyd edib ki, Forum iştirakçıları arasında 146 ölkənin vətəndaşı var. O bildirib ki, forum çərçivəsində 30-dan çox tədbir keçiriləcək: “Geniş mədəni proqram nəzərdə tutulub. Sabah alyansın innovasiya üzrə xüsusi mükafatı veriləcək. Prezident İlham Əliyev açılış nitqi ilə qonaqları salamlayacaq. Alyansın ali nümayəndəsi, İspaniya ilə Türkiyənin yüksək rəsmiləri çıxış edəcəklər. Sonuncu gün Bakı Bəyannaməsi qəbul ediləcək”.


Nasir Əbdüləziz əl Naser bəşəriyyət tarixində bir çox qara ləkələrin olduğunu deyib: “Mənim üçün bu forum o hisslərə düçar olmamaq üçün yaxşı platformadır. Vacibdir ki, biz yaradıcı olaq və münaqişələri həll edək. Dialoq bu cəhətdən çox vacibdir”.

Nasir Əbdüləziz əl-Naser Yaxın Şərqdəki problemlərin səbəblərindən də danışıb: “Ekstremizm deyəndə, islam dini yada düşür. Müsəlman dünyasında mötəbər dini təsisatlar var. Onlar islam dinini, müsəlmanları bu ittihamlardan müdafiə edə bilər. Alyans hər zaman problemlərin sülh yolu ilə həllini axtarır. Bu problemləri bir sənəd və ya bir bəyanatla həll etmək olmur, gənclər ümidlərini itirməməlidir. Bu zaman onlar təhlükəli yola düşürlər. Yaxın Şərq problemlərinin əsas səbəbi gənclərin təcrid olunmasıdır”.

O qeyd edib ki, BMT Sivilizasiyalararası Alyansın missiyası dialoqu, dözümlülüyü təşviq etməkdir: “Biz BMT agentlikləri ilə əməkdaşlıq edirik. BMT-nin bütün strukturları ilə işləyərək problemlərin qarşısını almalıyıq, tək onları həll etməli deyilik. Münaqişələrin həllində dialoqun olması mesajını çatdıracağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR