ABŞ nəşrində Azərbaycan baş konsulunun məqaləsi dərc olunub

ABŞ nəşrində Azərbaycan baş konsulunun məqaləsi dərc olunub
# 20 may 2016 08:21 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın tanınmış nəşrlərindən olan “Daily Caller” qəzetinin 19 may tarixli sayında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi dərc olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, Ermənistanın və erməni lobbisinin dezinformasiya və ictimaiyyəti yanıltma fəaliyyətlərini hədəf alan məqalə “Ermənistan-Azərbaycan münaqişəsi: məkrli təbliğatın rolu” başlığını daşıyır.

Aprel ayının əvvəllərində Ermənistan ordusunun Azərbaycana qarşı törətdiyi silahlı təxribata diqqət çəkən diplomat, davamlı sülhə nail olmaq üçün dezinformasiya və məkrli təbliğat cəhdlərinin yolverilməz olduğunu vurğulayıb. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğala və etnik təmizləməyə məruz qaldığını nəzərə çatdıran baş konsul qeyd edib ki, münaqişənin başlanğıcından bu günə qədər Ermənistan və ermənipərəst qüvvələr tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılan əsassız iddialar, o cümlədən beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanmış miflər Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə ciddi şəkildə mane olur.

N. Ağayev konkret faktlara istinadən ermənipərəst iddiaların əsassızlığını aydın şəkildə göstərən məqamları diqqətə çatdırıb. O bildirib ki, hər nə qədər erməni təbliğatçıları dünyanın müxtəlif yerlərində artmaqda olan islamofobiyadan istifadə edərək Ermənistan-Azərbaycan münaqişəsini müsəlman-xristian qarşıdurması kimi qələmə verməyə çalışsalar da, bunlar Azərbaycan reallığını qətiyyən əks etdirmir. Müəllif Azərbaycanda müxtəlif dinlər və xalqlar arasında qədim dövrlərdən indiyə qədər qarşılıqlı etimad və qardaşlıq əlaqələrinin hökm sürdüyünü vurğulayıb, müsəlman, xristian, yəhudi və digər etiqad daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını deyib.

Eyni zamanda, baş konsul Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, bölgədəki erməni azlığının sayının 19-cu əsrdə ermənilərin Yaxın Şərqdən bura kütləvi köçürülmələri nəticəsində süni şəkildə artırıldığını xatırladıb. N. Ağayevin sözlərinə görə, bu ərazilər, erməni təbliğatının təlqin etdiyi kimi, qondarma “Dağlıq Qarabağın özünümüdafiə qüvvələri” tərəfindən deyil, məhz Ermənistan tərəfindən işğal olunub. Bu səpkidə baş konsul 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) “Çiraqov Ermənistan əleyhinə” işinə dair qərarından söz açıb və əlavə edib ki, bu qərar Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılığı sübuta yetirən önəmli beynəlxalq hüquqi sənəddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR