Komissiya: Koxlear implantasiya aparılması üçün eşitmə qüsurlu 90-dək uşaq seçilib

Komissiya: Koxlear implantasiya aparılması üçün eşitmə qüsurlu 90-dək uşaq seçilib
# 16 may 2016 13:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq ötən ilin sentyabrında Səhiyyə Nazirliyinin müvafiq əmri ilə Koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiya yaradılıb. Bu müddət ərzində Komissiyaya 200 uşaq müraciət edib”. Bunu APA-ya Koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiyanın sədri, professor Azər Xudiyev deyib.

O bildirib ki, Komissiyaya müraciət edən uşaqların hamısını əməliyyat etmək mümkün deyil: “Çünki onların bir qisminin yaşı ötüb. Uşaqların bir qismində isə digər yanaşı gedən xəstəliklərolduğu üçün onları əməliyyat etmək qeyri-mümkündür. Çox hallarda uşaqlarda yanaşı gedən xəstəliklər olur. Bəzilər yeriyə bilmir, həmçinin gözlərində də qüsur olur”.

A. Xudiyevin sözlərinə görə, eşitmə qüsuru olan 4 nəfər uşaq keçən ilin sonunda, 4 uşaq isə bu il əməliyyat olunub: “Həmin uşaqlar Səhiyyə Nazirliyinə və yaxud digər yerlərə müraciət etdikdən sonra, nəhayət bizim Komissiyaya müraciət edirlər. Komissiya tərəfindən bu uşaqlar müayinə olunur. Əgər əvvəlcədən müayinələr olubsa, müayinələrin əsasında qiymət verilir. Yox, müayinə olmayıbsa, əlavə müayinələr aparılır. Kompüter tomoqrafiyası, eşitmənin səviyyəsi və s. yoxlanılır. Hazırda əməliyyat üçün təqribən 85-90 uşaq seçilib. Onların da müayinəsi davam etdirilir ki, plan üzrə bu uşaqlar əməliyyat olunsunlar. Adətən hər həftənin ilk iş günü eşitmə qüsuru olan uşaqlar bizə müraciət edir. Bu gün də 3 nəfər uşaq göndərişlə Komissiyada müayinə olunacaq. Biz ilk olaraq onların yaşlarına, ümumi vəziyyətlərinə baxırıq. Araşdırma aparırıq ki, uşaqda problem nə vaxt yaranıb, problem anadangəlmədirmi, genetikdirmi, qohum nikahı nəticəsində yaranıb, uşaq infeksion xəstəlik keçiribmi, travmadan sonra baş veribmi, hər hansı antibiotiki qəbul edəndən sonra olubmu və s. Bütün bunlar müəyyənləşdirildikdən sonra biz yaşa uyğun olaraq o uşaqları siyahıya alırıq. Telefon nömrələri və ünvan götürülür, onlar qeydiyyata alınır. Daha sonra isə Səhiyyə Nazirliyi tərəfindən bu işlə bağlı müvafiq maliyyə ayrıldıqca yaşa uyğun olaraq əməliyyat icra olunur. Biz ilk əvvəl əməliyyatları növbəlilik prinsipi əsasında icra edirdik. Lakin indi çalışırıq ki, yaş amili əsasında əməliyyatlar icra olunsun. Tutaq ki, uşaq 2 yaşındadırsa, biz onu bir qədər arxaya keçiririk. Çünki 2 yaşlı uşağın qarşıda 1-2 il vaxtı olur. 5 yaşında uşağı isə bir qədər önə çəkirik. Burada məqsəd ondan ibarətdir ki, həmin 5 yaşlı uşağın müddəti ötüb keçməsin. 5 yaşında olan uşağın vaxtı azdır. Düzdür, hazırda növbəlilik prinsipi ilə çalışsaq da, yaş prinsipini də əsas götürürük. Yaş prinsipini nəzərə alanda isə bəzən valideynlər narazı qalır. Lakin ümumilikdə səylə çalışırıq ki, problemlər öz həllini tapsın”.

A. Xudiyev qeyd edib ki, lal-karlıq problemi dünyəvi problemdir: “Hazırda dünya əhalisinin 3-5 faizi lal-karlıqdan zərər çəkir. O cümlədən də bizim ölkəmizdə də bu problem var”.

Komissiya sədri onu da qeyd edib ki, əməliyyat olunan uşaqlar əməliyyatdan sonra mütləq reabilitasiya keçməlidirlər: “Bəzən valideynlər də narazılıq edir. Təbiidir, biz bütün valideynləri yaxşı başa düşürük. Övladı böyüyür, lakin nə eşidir, nə də danışır. Qeyd etməliyəm ki, həmin uşaqlar əməliyyat olunan kimi dərhal eşitmirlər. Onlar üçün reabilitasiya kursu keçilməlidir. Uşaqların danışığı qaydaya salınmalıdır. Biz bu yaxınlarda Səhiyyə Nazirliyində görüş keçirdik. Görüşün nəticəsinə uyğun olaraq belə qərara alındı ki, həmin uşaqlar üçün daha geniş reabilitasiya mərkəzi yaradılsın, həm də reabilitasiya mərkəzlərinin sayı artırılsın. Əməliyyatdan sonra uşaqlar həmin mərkəzdə reabilitasiyadan keçməlidirlər. Valideynlərə də izah olmalıdır ki, bu tapşırıqlar evdə də həyata keçirilsin. Aparatı taxmaqla problem həll olunmur. Ən azı 6 ay reabilitasiya mərkəzlərində bu uşaqlarla məşğul olmaq, daha sonra isə valideynin öhdəsinə buraxmaq lazımdır”.

A. Xudiyev onu da əlavə edib ki, Komissiyaya daha çox Lənkəran-Astara zonasından müraciətlər daxil olur: “Düzdür, Bakıdan da, başqa regionlarımızdan da bizə müraciətlər olur. Biz bunun konkret statistikasını aparmırıq. Lakin digər regionlarla müqayisədə, Lənkəran-Astara zonasından bizə müraciət edənlərin sayı bir qədər çoxdur. Bunun da əsas səbəbi erkən və qohum nikahlarıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR