Polis Akademiyasında beynəlxalq elmi-praktiki konfrans keçirilib

Polis Akademiyasında beynəlxalq elmi-praktiki konfrans keçirilib
# 01 mart 2016 16:49 (UTC +04:00)

Bakı – APA. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu, Prezident yanında Bilik Fondu və Polis Akademiyasının birgə təşkilatçılığı ilə “Ailə-məişət zorakılığının sosial-psixoloji, cinayət-hüquqi və kriminoloji problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hüquq-mühafizə orqanları nümayəndələrinin və ali təhsil müəssisələri təmsilçilərinin iştirak etdiyi tədbirdə insan hüquq və azadlıqlarına real təhlükə yaradan, cinayətkarlığın inkişafına təkan verən sosial-neqativ halların daha təhlükəli formalarından birinin ailə-məişət zorakılığının olması nəzərə alınmaqla, bu sahədə aktual problemlərin elmi-tədqiqi və profilaktikasının bir sıra istiqamətləri geniş şəkildə müzakirə olunub.

Konfransda Rusiya və Türkiyənin tanınmış hüquqşünas alimləri və bu sahədə çalışan mütəxəssisləri, həmçinin Milli Məclisin deputatları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Respublika Baş Prokurorluğunun, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Konstitusiya Məhkəməsinin, Xəzər Rayon İcra Hakimiyyətinin, Bakı Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının, Gömrük Akademiyasının, Vergilər, Ədliyyə nazirliklərinin, Ədliyyə Akademiyasının və Məhkəmə Ekspertizası Mərkəzinin məsul əməkdaşları iştirak ediblər.

Maraqlı çıxışlar və diskussiyalarla yadda qalan beynəlxalq elmi-praktik konfransda ailə-məişət zorakılığının sosial-psixoloji, cinayət-hüquqi və kriminoloji problemlərinin tədqiqinin nəticələri ilə bağlı Bəyannamə qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR