Son 23 ildə Azərbaycan ali və orta ixtisa məktəblərindən 40 minə yaxın tələbə xaric edilib

Son 23 ildə Azərbaycan ali və orta ixtisa məktəblərindən 40 minə yaxın tələbə xaric edilib
# 29 mart 2016 14:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 1992–2015-ci illər ərzində Azərbaycanın ali və orta ixtisas məktəblərindən 40 minə yaxın tələbə xaric edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, xaricedilmələr müxtəlif səbəblərdən baş verib. Belə ki, 23 il ərzində 7391 nəfər akademik borca görə, 5991 nəfər digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar, 16587 nəfər təhsil haqqının ödənilməməsinə, davamiyyətə görə və ya öz xahişi ilə, 7567 nəfər isə təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric ediliblər.

“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə 1992–2015-ci illər ərzində TQDK-nın keçirdiyi qəbul imtahanları nəticəsində tələbə statusu qazanmış 912835 nəfər, o cümlədən 583111 nəfər bakalavriat, 44808 nəfər magistratura səviyyəsi üzrə, 172495 nəfər tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə, 112421 nəfər ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbə haqqında məlumat daxil edilib. Hazırda bazada 941119 nəfər haqqında məlumat mövcuddur. Yaranmış fərq yerli təhsil müəssisələrinin xarici ölkə təhsil müəssisələrindən həyata keçirdiyi köçürmələr, Azərbaycan vətəndaşlığı olmayan şəxslərin qəbulu, əlavə təhsil almaq istəyən şəxslərin qəbulu və bəzi illərdə təhsil müəssisələrinin daxili əmri ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul hesabınadır.

Hazırda sistemə təhsil müəssisəsinin öz qəbulu statusunda 8202 nəfər, xarici təhsil müəssisəsindən köçürülmüş 10341 nəfər, əcnəbi və vətəndaşlığı olmayan 5402 nəfər və əlavə təhsil almaq statusu ilə qəbul olmuş 4339 nəfər haqqında məlumat daxil edilib. 9 oktyabr 2015-ci il tarixinə qədər təhsil müəssisələri tərəfindən sistemə 492427 nəfər haqqında, o cümlədən bakalavriat səviyyəsi üzrə 299693, magistratura səviyyəsi üzrə 36170, orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından qəbul üzrə 89910 və ümumi orta təhsil bazasından qəbul üzrə 66634 nəfər haqqında müxtəlif növ məlumat daxil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR