İranlı nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncədə olub

İranlı nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncədə olub
# 13 iyul 2017 15:42 (UTC +04:00)

Mətbuat Şurasının (MŞ) dəvəti ilə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının mədəniyyət və islam irşadı nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezaminin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərində olub.

Şuradan APA-ya verilən məlumata görə, qonaqlar öncə Nizami məqbərəsini ziyarət edərək, kompleksdə yaradılmış şəraitlə tanış olublar. Şəhərin görməli yerlərinə baş çəkən qonaqlara Azərbaycanın ikinci ən böyük şəhərindəki tarixi abidələr barədə geniş məlumat verilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Həsən Məmmədov bildirib ki, Gəncədə medianın işinə ciddi önəm verilir, şəhərdə çoxlu sayda qəzet, jurnal, elektron informasiya resursu fəaliyyət göstərir.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu qeyd edib ki, səfər MŞ ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin mətbuat və informasiya departamenti arasında ötən ilin noyabrında imzalanmış memorandum çərçivəsində gerçəkləşməkdədir.

İranlı qonaqlar “İmamzadə” dini kompleksini də ziyarət edərək burada yaradılmış şəraitdən məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, İranın media fəaliyyətinə məsul qurumlarının ölkəmizdə səfərdə olan nümayəndə heyətinin tərkibinə ölkənin mədəniyyət və islam irşadı nazirinin müavini Hüseyn Entezami, həmin nazirliyin mətbuat işləri üzrə planlama şurasının üzvü Həmidrza Asəfi, xarici KİV-lərlə iş üzrə baş direktor Məhəmməd Cəfər Safi, İranın Xəbər Onlayn Agentliyinin baş redaktoru Cavad Məhacer, İslam Respublikasının Naşravran təşkilatının İdarə Heyətinin üzvü Seyid Cəfər Haşemi və İranın Xarici İşlər Nazirliyinin Media və Ümumi Siyasət idarəsinin rəis müavini Həmid Əhmədi daxildir. Qonaqlar iyulun 10-dan ölkəmizdədirlər və ötən müddətdə onlar, “Trend” BİA-da, Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC), “APA Holdinq” MMC-də olublar, Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevlə görüşüblər. Həmçinin qonaqlarla Azərbaycanın aparıcı KİV-ləri və jurnalist təşkilatları rəhbərlərinin görüşü keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR