Azərbaycan Arıçılar Assosiasiyasının prezidenti yeni vəzifəyə seçilib

Azərbaycan Arıçılar Assosiasiyasının prezidenti yeni vəzifəyə seçilib
# 12 yanvar 2017 15:26 (UTC +04:00)

AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzində “Ekoloji arıçılıq” üzrə Məşvərət Şurasının iclası keçirilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, iclasda qeyd olunub ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan prioritetlərdən biri də ölkədə ekoloji təmiz məhsul istehsalının inkişaf etdirilməsidir: “Ölkənin regionları arasında özünün əlverişli şəraiti baxımından Şəki-Zaqatala regionu bu sahənin inkişafı üçün daha böyük üstünlüklərə malikdir.

Şəki-Zaqatala regionunda ekoloji təmiz istehsal sahələrinin yaradılması və inkişafı prosesini gücləndirmək üçün ilk növbədə əhalinin müxtəlif təbəqələrinin maarifləndirilməsi və potensial məhsul istehsalçılarının təlimlərə cəlb olunması çox mühüm məsələdir. Bu məqsədə nail olmaq üçün AMEA-nın Qax rayonunda fəaliyyət göstərən Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin nəzdində ekoloji arıçılıq, ekoloji heyvandarlıq və ekoloji əkinçilik istiqamətləri üzrə yüksək ixtisaslı mütəxəssislərin, peşəkar fermerlərin iştirakı ilə Məşvərət Şuraları yaradılıb. Məşvərət Şuralarının bilavasitə dəstəyi ilə ekoloji təsərrüfatçılığa keçid mərhələsində olan fermerlər arasında maarifləndirmə işinin genişləndirilməsi, onlara peşə yönümlü məsləhətlərin verilməsi və innovativ texnologiyaların tətbiqi üzrə müasir informasiyanın vaxtlı-vaxtında çatdırılması işlərinin gücləndirilməsi nəzərdə tutulur”.

“Ekoloji arıçılıq” üzrə Məşvərət Şurasının iclasında iş proqramı təsdiq edilib. Azərbaycan Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov Məşvərət Şurasının sədri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR