Moskvada "İzborskiy Klub"un təşkilatçılığı ilə Azərbaycan-Rusiya münasibətlərinə dair konfrans keçiriləcək

Moskvada "İzborskiy Klub"un təşkilatçılığı ilə Azərbaycan-Rusiya münasibətlərinə dair konfrans keçiriləcək
# 31 avqust 2017 21:47 (UTC +04:00)

Moskvada Azərbaycan-Rusiya münasibətlərinə dair konfrans keçiriləcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, sentyabrın 14-də paytaxtın "Prezident" hotelində keçiriləcək konfransın təşkilatçıları "İzborskiy Klub" və Geosiyasi Ekspertiza Mərkəzidir.

"Moskva-Bakı oxu - Qafqazın yeni geosiyasətinə doğru" adı altında keçiriləcək konfransda Rusiya Dövlət Dumasının və Azərbaycan Milli Məclisinin deputatları, hər iki ölkənin tanınmış ictimai-siyasi xadimləri Rusiya və Azərbaycanın elmi və ekspert dairələrinin nümayəndələri, eləcə də diplomatlar, KİV nümayəndələri iştirak edəcəklər.

"İzborskiy Klub"-dan APA-nın Moskva müxbirinə verilən məlumata görə, konfransın keçirilməsində məqsəd Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini qiymətləndirməkdir: "Tədbirdə əsas diqqəti Rusiya və Azərbaycanın Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsində əməkdaşlığına yönəldiləcək. Konfrans iştirakçıları Azərbaycanın müasir beynəlxalq siyasətdə rolu, Rusiya-Azərbaycan münasibətlərinin dərinləşməsi, regiondakı mübahisəli problemlərin birgə həlli imkanlarını müzakirə edəcəklər.

Konfransda Dağlıq Qarabağ probleminin siyasi yolla nizamlanmasına xüsusi diqqət ayrılacaq.

O cümlədən mədəniyyət sahəsindəki əməkdaşlıq, iki ölkə arasında əlaqələndirici həlqə olan Azərbaycan diasporunun rolu, Rusiya və Azərbaycanın intellektual və vətənpərvər elitası arasında dialoq və mübadilə məsələləri müzakirəyə çıxarılacaq.

Moskva və Bakının yaxınlaşmasına istiqamətlənən iki ölkənin mövqelərinin açıq və dürüst müzakirəsi, ekspert dialoqu mexanizminin formalaşması təkcə Rusiya və Azərbaycanın maraqlarına deyil, bütün region ölkələrinin maraqlarına cavab verir".

Qeyd edək ki, "İzborskiy Klub"un təsisçisi tanınmış ictimai siyasi xadim, yazıçı publisit Aleksandr Proxanovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR