Moskvada Rusiya və İran Xİn başçıları arasında görüş keçirilib

Moskvada Rusiya və İran Xİn başçıları arasında görüş keçirilib
# 28 aprel 2018 12:16 (UTC +04:00)

Moskvada Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif arasında ikitərəfli görüş keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə çıxış edən S.Lavrov bugünkü görüşdə Rusiya və İran prezidentlərinin əldə etdikləri razılıqların yerinə yetirilməsinə baxmaq imkanının olduğunu söyləyib: "Liderlərimiz müntəzəm olaraq həm Rusiyada, həm də İranda görüşlər keçirirlər, tez-tez telefonla danışırlar. İki ölkə arasında bütün sahələrdə əlaqələr inkişaf edir. İkitərəfli əməkdaşlıq sahəsində regional səviyyədə, o cümlədən Xəzər regionunda əməkdaşlığımızı və Suriya münaqişəsinin nizamlanması istiqamətində Astana formatında əməkdaşlığımızı yüksək qiymətləndiririk. Bugünkü görüşdə İranın nüvə proqramı ətrafında yaranan vəziyyəti də müzakirə edəcəyik".

İran XİN başçısı Məhəmməd Cavad Zərif isə çıxışında son dövrlə İran və Rusiya arasında ikitərəfli münasibətlərin çox dinamik inkişaf etdiyini söyləyib. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq regional problemlərin həllinə böyük töhvə verir: "Beynəlxalq terrorçuluqla mübarizədə birgə əməkdaşlığımız böyük uğur əldə edib. İŞİD-in məğlubiyyəti bizim əməkdaşlığımız sayəsində mümkün olub. Suriya münaqişəsinin nizamlanması ilə bağlı Astana formatında Rusiya və Türkiyə ilə əməkdaşlığımız da öz bəhrəsini verir. Çox şadıq ki, Rusiya İranı beynəlxaql arenada dəstəkləyir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız bundan sonra da davam edəcək. O ki, qaldı Xəzər dənizi regionunda əməkdaşlığa, biz Rusiya ilə Xəzər dənizinin dostluq dənizinin olması və qonşularımızın sülh şəraitində yaşaması üçün səylər göstəririk. Ona görə də Xəzər dənizi regionunda əməkdaşlıq bizim üçün çox əhəmiyyətlidir".

Qeyd edək ki, bu gün Moskvada Suriya münaqişəsinin nizamlanması ilə bağlı Rusiya-Türkiyə-İran XİN başçıları formatında üçtərəfli görüş keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR