Şəhid qızını avtomobillə vurub öldürən şəxsin məhkəmə baxışı təyin olunub

Şəhid qızını avtomobillə vurub öldürən şəxsin məhkəmə baxışı təyin olunub
# 30 yanvar 2018 12:36 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin edib.

Həbs qətimkan tədbiri məhkəmə prosesinin sonunadək uzadılıb.

Məhkəmə baxışı fevralın 1-nə təyin edilib.

Qeyd edək ki, ötən il noyabrın 8-də Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Elton qızı Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən “Jeep Grand Cherokee” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Səbail RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, hadisə yerinin sxemi tərtib edilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası keçirilib.

Aparılmış profilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gələrək özünü istintaqa təqdim edib.

R. Rəhimovun atası Akif Rəhimovun "Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olduğu bildirilir.

K. Əkbərova şəhid Elton Əkbərovun qızıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR