Bakıda innovasiya klasterlərinin yaradılması ilə bağlı konfrans keçirilib

Bakıda innovasiya klasterlərinin yaradılması ilə bağlı konfrans keçirilib
# 16 mart 2018 08:44 (UTC +04:00)

Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "İnnovasiya klasterlərinin yaradılmasında dövlət-özəl sektor əməkdaşlığı: mövcud aktivlər və yerli xammaldan səmərəli istifadə" mövzusunda konfrans keçirilib.

APA-Economics”in məlumatına görə, aidiyyəti dövlət qurumlarının, ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının nümayəndələri və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilən tədbirin məqsədi dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi, yerli xammaldan istifadənin səmərəliliyinin artırılması, innovasiya klasterlərinin yaradılmasına elmi-tədqiqat institutlarının və universitetlərin cəlb edilməsindən ibarətdir.

Konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə sənayenin modernləşməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və ixrac imkanlarının genişləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirildiyini, sənaye parkları və məhəllələrinin, rəqabət qabiliyyətli və innovativ sənaye məhsulları istehsalı müəssisələrinin yaradıldığını və ixrac potensialının genişləndiyini bildirib.

Nazir müavini həmçinin, Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair “Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş hədəflər üzrə 2017-ci ildə görülmüş işlər və bu il həyata keçiriləcək tədbirlərdən danışıb, sənayedə yerli istehsalın dəstəklənməsi məqsədilə yerli xammaldan səmərəli istifadənin əhəmiyyətini qeyd edib, innovasiya əsaslı sənayenin inkişafında elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin rolunu diqqətə çatdırıb.

Tədbirdə “Socar Polymer” MMC-nin maliyyə menecerinin müavini Rauf Quliyev “Socar Polimer” ətrafında yaradılacaq klasterin yerli xammal təminatı, Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması, AMEA-nın Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov müasir tədris texnologiyalarına keçid, təhsilin müasir standartlara və innovativ proqramlara yönəldilməsi barədə məruzələrlə çıxış ediblər.

Sonra İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyevin "Sənaye innovasiya subyektlərinin səmərəli fəaliyyəti üzrə dövlət siyasəti və sənaye innovasiya subyektlərinin səmərəliliyinin qiymətləndirilməsi", institutun direktor müavini Arzu Hüseynovanın "Sənaye klasterlərinin fəaliyyətinin səmərəliliyi" institutun baş elmi işçisi Malik Mehdiyevin "Sənaye klasterlərinin iymətləndirilməsinin yeni modeli" mövzusunda təqdimatları dinlənilib.

İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Fikrət Qurbanov sənaye klasterlərinin səmərəli fəaliyyəti üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib. Sumqayıt Kimya Sənaye Parkının direktoru Nazim Talıbov Parkının rezidentləri tərəfindən reallaşdırılan layihələri diqqətə çatdırıb, ölkəmizdə yaradılan sənaye məhəllələrinin əsas fəaliyyət istiqamətlərindən danışıb, müəssisələrin qurulmasında klaster yanaşmanın tətbiq edildiyini vurğulayıb.

Konfransda innovativ sənaye istehsalının artırılmasına və dövlət-özəl sektor əməkdaşlığının möhkəmləndirilməsinə dair təkliflər səsləndirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR