Millət vəkili Hesablama Palatasının səlahiyyətlərinin artırılmasını təklif edib

Millət vəkili Hesablama Palatasının səlahiyyətlərinin artırılmasını təklif edib
# 18 may 2018 11:23 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkilləri Hesablama Palatasının 2017-ci ildəki fəaliyyətinə münasibət bildirib.

APA-Economics” xəbər verir ki, millət vəkili Vahid Əhmədov bildirib ki, Palatanın hesabatında nəzarət tədbirləri ilə bağlı ciddi nöqsanların aşkar edildiyi öz əksini tapıb.

“Ötən il ümumi 70 nəzarət tədbiri həyata keçirilib. Nöqsanlar əsasən ayrılan vəsaitlərin düzgün istifadə olunmaması, dövlət satınalmaları sahəsində və mühasibat uçotu ilə bağlı olub. Dövlət satınalmaları ilə bağlı nöqsanlar ümumi nöqsanların 36 faizini, mühasibat uçotu ilə bağlı nöqsanlar 35 faizini, dövlət zəmanəti ilə verilən kreditlərlə bağlı nöqsanlar isə ümumi nöqsanların 15 faizini təşkil edib”.

Millət vəkili Əli Məsimli bildirib qeyd edib ki, Hesablama Palatası hüquq-mühafizə orqanları ilə birgə işlərin aparılması və dövlət büdcəsinə vəsaitin qəbul olunmasına diqqət etməlidir. “Bu qurum elə ciddi işləməlidir ki, dövlət büdcəsinə daxil olan vəsaitlərdə yayınma olmasın. Hesabatdan məlum olur ki, Palata vəzifəli şəxslərə qarşı intizam tədbirləri həyata keçirib. Azərbaycanda nəzarət vətəndaşa tətbiq olunanda çox sərt olur. Amma dövlət orqanlarında vəzifəli şəxslərə tətbiq olunanda yola vermə mexanizmi kimi yanaşılır. Yalnız məmur işdən çıxandan sonra məlum olur ki, milyonlarla yeyinti olub. Bu yanaşma kökündən səhvdir. Hesab edirəm ki, Palata vəzifəli şəxslərlə bağlı korrupsiyaya qurşanandan sonra tədbir görməli deyil, korrupsiyanın baş verməsinə imkan verməməlidir. Hesablama Palatası bu işlərə xüsusi diqqət yetirməlidir. Düşünürəm ki, Palatanın səlahiyyətləri artırılmalıdır ki, nəzarəti həyata keçirə bilsin”.

Qüdrət Həsənquliyev isə bildirib ki, hər il nəzarət nəticəsində müəyyən vəsait dövlət büdcəsinə qaytarılır, lakin bu vəziyyət ürəkaçan deyil. “Büdcə vəsaitlərini xərcləyən şəxslər hesab edirlər ki, istədikləri kimi istifadə edə bilərlər. Düzgün istifadə olunmamış vəsait aşkarlanırsa, o şəxs intizam qaydasında məsuliyyətə cəlb olunmalıdır. Vəsaitin qaytarılması məsuliyyəti yalnız yüngülləşdirən amil kimi nəzərə alınmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR