Sədaqət Qəhrəmanova: “Bəzi ailələr məhkum qadınların uşaqları ilə görüşməsinə icazə vermir”

Sədaqət Qəhrəmanova: “Bəzi ailələr məhkum qadınların uşaqları ilə görüşməsinə icazə vermir”
# 31 may 2018 11:04 (UTC +04:00)

"Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsində təkcə həbsdə olan qadınlar yox, eləcə də məhbus uşaqlarla bağlı müxtəlif tədbirlər həyata keçirilir".

APA-nın xəbərinə görə, bunu Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı layihənin yekun konfransında həbsdə olan qadınlarla bağlı sualı cavablandırarkən deyib.

S. Qəhrəmanovanın sözlərinə görə, həbsdə olan elə qadınlar var ki, ailələri tərəfindən uşaqları ilə görüşmələrinə icazə verilmir: "Məhbus qadınlar onlarla görüşdə ya bizə birbaşa müraciət edir, ya da komitəyə məktublar göndərirlər ki, sosial, eləcə də ailə problemlərinin nizamlanmasında yardım edək. Çalışırıq ki, qadınlar uşaqları ilə görüşə bilsinlər. Elə qadınlar var ki, ailədaxili münasibətlər zəminində cinayət törətdiyi üçün həbsdədir və həmin qadınlara ailələrinin onlara münasibəti fərqli olur".

Komitə rəsmisi əlavə edib ki, məhkum qadınların həbsdən çıxandan sonra qarşılaşacağı problemlərə hazırlanmasında, onların məşğulluğunun təmin edilməsində müxtəlif layihələr həyata keçirilir.

Sədr müavini qeyd edib ki, komitə tərəfindən uşaq təcridxanalarında olan uşaqların problemlərinin həlli istiqamətində də eyni qaydada işlər görülür: "Müxtəlif problemli insanlar var və problemlərinə uyğun olaraq onlarla münasibətlər qurulması baxımından müxtəlif tədbirlər keçiririk".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR