Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında Novruz şənliyi keçirilib - FOTOSESSİYA

Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında Novruz şənliyi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 18 mart 2010 18:28 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında Novruz bayramı münasibəti ilə şənlik keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, şənliyi teatrın nəzdində fəaliyyət göstərən studiyanın gənc aktyorlar qrupu təşkil edib. Tədbir «Novruz Bayramı» şənlik proqramı çərçivəsində keçirilib. Şənliyi açan teatrın müdiri Qoça Kapanadze Novruz bayramı münasibəti ilə bütün azərbaycanlıları təbrik edərək bildirib ki, bu bayram Gürcüstanda da ümumxalq bayramı kimi qeyd olunacaq. «Novruz bütün xalqları birləşdirir, şənlik, xoş əhval-ruhiyyə gətirir. Bu bütün dünya xalqların bayramıdır». Tədbirdə «Novruz Bayramı» şənliyinin rejissoru və ssenari müəllifi Hidayət Hüseynli, «Gürcüstan» qəzetinin redaktoru Süleyman Süleymanov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev və başqaları çıxış ediblər.

Sonra tədbirin bədii hissəsi başlayıb. Əvvəlcə səhnəyə balacaların iştirakı ilə «Cücələrim» mahnısı, daha sonra «Sarvan» folklor rəqs ansamblı «Yallı» və «Qızlar» rəqslərini nümayiş etdiriblər. Tədbirdə «Yeni Ulduz»un iştirakçısı, müğənni Amil Qocayev, gənc həvəskar müğənni Səkinə İsmayılova ifa etdikləri mahnılarla tamaşaçıların alqışını qazanıblar. Sonra səhnəyə Bahar qızı və Kosa ilə Keçəl gəlib. Onlar şən, gülməli hərəkətləri və gülməli bayatıları ilə tamaşaçıları daha da şənləndiriblər. Aşıq Fərhad Əzizov aşıq havalarını ifa etməklə, qarmon ustası Teymur Abuzərov və zərb alətlərində çalan Eldəniz Qəhrəmanov oynaq musiqilərlə Novruz şənliyində şən əhval-ruhiyyə yaradıblar.

«Novruz bayramı» şənliyinin ssenari müəllifi və rejissoru Hidayət Hüseynli APA-ya açıqlamasında bütün Dünya Azərbaycanlıların Novruz bayramını təbrik edərək qeyd edib ki, bu bayram 10 nəfər gənc aktyor qrupunun gücü ilə təşkil olunub. «Bu onların ilk addımıdır. Burada təşkil etdiyimiz şənliyə Tiflis və ətraf rayonlardan gəlmiş ziyalılar və gürcü millətindən olan qonaqlar qatılıb. Kiminsə əhval-ruhiyyəsini bir az qaldıra bildiksə, buna şadam. Gələcəkdə Üzeyir Hacıbəyovun əsərlərinə müraciət etmək istəyirəm. Bilirəm ki, çox böyük yükün altına girmişəm. Bu məsuliyyəti hiss edib, var gücümüzlə çalışırıq. Hələlik imkanımız bir az məhduddur. Amma, sağlıq olsun gələcəkdə daha böyük sənət nümunələrini səhnəmizə gətirmək barədə düşünürük».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR