Bu ilin yanvar-sentyabr aylarında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruq və mədəniyyət müəssisələrini 706 494 turist ziyarət edib.
“APA-Economics” xəbər verir ki, bunu Palçıq Vulkanları Turizm Kompleksinə mediaur çərçivəsində jurnalistlərə açıqlamasında Qoruqları İdarəetmə Mərkəzinin idarə heyətinin sədri Murad Ağabəyli deyib.
O qeyd edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,71% çoxdur:
“9 ayda qoruq və mədəniyyət müəssisələrinə gələn yerli turistlərin sayı 159 171 nəfər, xarici turistlərin isə sayı 547 323 nəfər nəfər təşkil edib”.
M. Ağabəyli deyib ki, 9 ayda “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ümumilikdə 226 434 nəfər ziyarət edib. Onlardan 204 078-i (90,13 %) xarici, 22 356-sı (9,87 %) isə yerli turist olub:
““Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu eyni dövrdə 198 167 nəfər ziyarət edib. Ziyarətçilərin 181 238-i (91,46 %) xarici, 16 929-u (8,54 %) isə yerli turistdir.
“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna 140 691 nəfər baş çəkib. Onların 69 675-i (49,53 %) xarici, 71 016-sı (50,47 %) isə yerli turist olub.
Palçıq Vulkanları Turizm Kompleksini 42 736 nəfər ziyarət edib. Onlardan 38 090-ı (89,12 %) xarici, 4 646-sı (10,88 %) isə yerli turistdir.
“Kiş” Tarix-Memarlıq Qoruğunu isə 37 645 nəfər ziyarət edib. Bu rəqəmin 18 395-i (48,86 %) xarici, 19 250-si (51,14 %) isə yerli turistlərdir”.