Azərbaycan Diabet Cəmiyyəti: Ölkədə 200 min nəfər şəkərli diabet xəstəsi var

Azərbaycan Diabet Cəmiyyəti: Ölkədə 200 min nəfər şəkərli diabet xəstəsi var
# 07 aprel 2016 15:31 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. 7 aprel - Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar Azərbaycan Diabet Cəmiyyətinin təşkilatçılığı ilə "Şəkərli Diabetə qarşı mübarizə" mövzusunda tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən cəmiyyətin sədri Möminat Ömərova bildirib ki, bu il diabet bütün dünyada geniş miqyasda yayılıb. O qeyd edib ki, Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, dünyada 400 milyondan çox insan şəkərli diabet xəstəliyindən əziyyət çəkir: "20 ildən sonra isə onların sayının 2 dəfə artacağı gözlənilir. Bu xəstəlikdən dünyada hər il 4 milyon adam dünyasını dəyişir. Diabet eyni zamanda əlilliyə gətirən əsas xəstəliklərdən biridir, ürək-damar probleminə, gözlərin tutulmasına səbəb olur. Bu baxımdan hökumət və beynəlxalq təşkilatlar birlikdə bu xəstəliyə qarşı mübarizə aparmalıdırlar".

Azərbaycan Diabet Cəmiyyətinin sədr müavini Valeh Mirzəzadə çıxışında Azərbaycanda rəsmi qeydiyyatdan keçən 200 mindən çox insanın şəkərli diabetdən əziyyət çəkdiyini deyib. Onun sözlərinə görə, bu rəqəm qeyri-rəsmi 400 minə yaxındır.

Respublika Endokrionoloji Mərkəzin direktor müavini Babək Salek isə qeyd edib ki, şəkərli diabetlə bağlı bütün xəstələr öncə məlumatlandırılmalıdır. Onun sözlərinə görə, hazırda hökumət tərəfindən diabet xəstələrinə çox böyük qayğı var: "Xəstələr mütəmadi olaraq insulinlə təmin olunur. Bu xəstələrin müalicəsi üçün keçən il 30 milyon manat, bu il isə 40,1 milyon manat vəsait ayrılıb".

B. Salek Azərbaycan vətəndaşlarının əksəriyyətinin bu xəstəliyi müəyyən səbəblərdən gizlətdiyini və vaxtında müalicə olunmadığının təəssüfləndirici hal olduğunu qeyd edib: "Azərbaycanda 1100 uşaq şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Ancaq dövlət bu xəstələrin qayğısına qalır və dərmanlarla təmin edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR