Yaşar Aydəmirov: “Əsgərlərimizdə hərbi xidmətə olan həvəs və rəğbət Ali Baş Komandanının orduya diqqət və qayğısının nəticəsidir”

Yaşar Aydəmirov: “Əsgərlərimizdə hərbi xidmətə olan həvəs və rəğbət Ali Baş Komandanının orduya diqqət və qayğısının nəticəsidir”
# 26 iyul 2016 15:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ehtiyatda olan general-leytenant, keçmiş birlik komandiri Yaşar Aydəmirov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun cəbhə bölgəsinə səfərlərini şərh edib.

Bu barədə APA-ya açıqlama verən Y. Aydəmirov qeyd edib ki, müdafiə nazirinin cəbhə bölgəsində yerləşən hərbi hissələrə səfəri heç də təsadüfi deyil: “Nazir mütəmadi olaraq, cəbhəboyu zonada yerləşən hərbi hissələrə baş çəkir, əməliyyat şəraiti, bölmələrimizin döyüş qabiliyyəti və şəxsi heyətin döyüş hazırlığı səviyyəsi ilə yaxından maraqlanır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı öz mövqeyində qətiyyətlidir, israrlıdır və onu dəyişməz hesab edir. Aprel hadisələri bir daha sübut etdi ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmazsa, hərb yolu ilə həll etmək mümkündür.

Sirr deyil ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin ordumuza göstərdiyi diqqət nəticəsində ölkəmiz öz müdafiə qüdrətini artırır, Silahlı Qüvvələrin silah arsenalını yeni, müasir tələblərə cavab verən silah və hərbi texnika ilə gücləndirir. Aprel hadisələrindən sonra bu proses daha geniş miqyasda həyata keçirilir və son üç ay ərzində artıq ordumuzun silahlanmasına olduqca güclü və ən mürəkkəb hərbi əməliyyatları həyata keçirə biləcək silah və hərbi texnika qəbul edilib. Hazırda ordumuz istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə tam hazırdır. Bu, təkcə son zamanlar alınmış silahlar hesabına deyil, eyni zamanda Silahlı Qüvvələrimizin şəxsi heyətinin aprel hadisələrindən sonrakı döyüş ruhunun və mənəvi-psixoloji durumunun olduqca yüksək olması ilə mümkündür. Müdafiə nazirinin cəbhə bölgəsində yerləşən hərbi hissələrə səfəri zamanı həmin hərbi hissələrdə xidmət edən və xidmət müddəti başa çatmaqda olan bir çox müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının cənab nazirə xidmətlərinin davam etdirmələri və Ali Baş Komandan İlham Əliyevin əmri ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda aparılacaq döyüşlərdə iştirak etmək arzusunda olduqları barədə müraciət ediblər. Əsgərlərimizdə hərbi xidmətə olan bu istək və rəğbət, Silahlı Qüvvələrimizin Ali Baş Komandanının ordumuza göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR