"Qəbələ” klubun prezidenti Tale Heydərov: "Bunun davamını gətirməliyik"

"Qəbələ” klubun prezidenti Tale Heydərov: "Bunun davamını gətirməliyik"
# 17 sentyabr 2015 22:04 (UTC +04:00)

Bakı-APA. UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunun qarşılaşmasında Yunanıstanın PAOK klubu ilə oynayan “Qəbələ” matçı 1 xalla (0:0) başa vurdu. Matçdan sonra klubun prezidenti Tale Heydərov apasport.az saytının müxbirinin də suallarını cavablandırıb.

- Oyun barədə fikirləriniz necədi?

- Yaxşı oynadıq, sona qədər mübarizə apardıq. Hər kəs qələbə gözləyirdi, biz də istəyirdik ki, qələbə qazanaq. İnşallah, gələn oyunlarda qalib gələrik. Komanda olaraq 3 xal qazanmağa köklənmişdik, ancaq 1 xalı da nailiyyət hesab etmək olar.

- Yeni transferlərin oyununu bəyəndinizmi?

- Onlar özlərini yaxşı tərəfdən göstərdilər. Komandaya uyğunlaşıblar. Hesab edirəm ki, yaxşı seçimlər etmişik.

- Qrup mərhələsindəki əsas hədəfiniz nədir?

- Azərbaycanı layiqincə təmsil etmək istəyirik. Əgər çətinlikləri dəf edib, bütün maneələrə baxmayaraq bura qədər gəlmişiksə, güclü komandaları yolumuzdan kənarlaşdıra bilmişiksə, hesab edirəm ki, qrupdan da çıxa bilərik. Ən az yaxşı oyun göstərəcəyik.

- “Panatinaikos”la səfər oyununu canlı izləmişdiniz, bu da komandaya əlavə ruh yüksəkliyi vermişdi. Gözləmək olarmı ki, növbəti səfər oyunlarında da komandanın yanında olasınız?

- Həmişə çalışıram ki, komandamın yanında olum, dəstəkləyim, oyunlarını izləyim. Yəni növbəti oyunlarda da komandaya dəstək olacam.

- Stadionun tam dolmaması ilə bağlı nə deyə bilərsiniz?

- Ola bilər ki, oyunun başlama saatı ilə əlaqədardı. Biz azarkeşləri oyuna dəvət edirik, komandamızı dəstəkləsinlər. Bizim onların dəstəklərinə çox ehtiyacımız var.

- Qrupun favoriti “Borussiya” olsa da, almanlar “Krasnodar”ı son dəqiqələrdə vurduğu qolla məğlub edə bildi. Bu nəticənin “Qəbələ”nin işinə yaradığını demək olarmı?

- Biz əsas öz oyunumuza baxmalıyıq. Hər şey özümüzdən asılıdı.

- Sizin fikrinizcə, “Qəbələ” neçə xal yığa biləcək?

- Rəqiblərimiz güclüdü. Bu gün bir xal qazandıq. Bunun davamını gətirməliyik. Daha çox xal toplamalıyıq. PAOK güclü klubdu, əgər bu gün məğlub olmadıqsa, bir xalı aktivimzə yazmağı müsbət amil kimi qeyd eləmək də olar. Gələcəkdə isə qələbələr qazanmaqla azarkeşlərimizi sevindirməliyik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR