Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə 171 seçki məntəqəsi yaradılıb

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə 171 seçki məntəqəsi yaradılıb
# 05 oktyabr 2016 08:25 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Oktyabrın 8-də parlament seçkiləri ilə əlaqədar Gürcüstandakı 73 seçki dairəsində 3703 seçki məntəqəsi fəaliyyət göstərəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, seçki günü 41 ölkədə 57 seçki məntəqəsi açılacaq. Azərbaycanda 3 seçki məntəqəsi yaradılacaq. Ümumilikdə xaricdə 49716 seçici qeydiyyatdan keçib. Gürcüstanın Əfqanıstandakı sülhməramlı hərbi kontingentinin yerləşdiyi hərbi bazada 2 seçki məntəqəsi açılacaq. Əfqanıstanda 1604 Gürcüstan vətəndaşı qeydiyyatdan keçib.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək. Seçkidə 19 siyasi partiya və 6 seçki bloku mübarizə aparacaq. 150 yerlik parlamentə 73 deputat birmandatlı dairələrdən, 77 deputat isə proporsional qaydada seçiləcək.

Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda 35 və 36 saylı seçki dairələrində 89 seçki məntəqəsi fəaliyyət göstərir. Rayonda 10 azərbaycanlı namizəd və 8 gürcü namizəd 2 yer uğrunda mübarizə aparır. Qardabani, Bolnisi, Dmanisi və Saqareco rayonlarındakı seçki dairələrində də azərbaycanlı namizədlər var.

Ümumilikdə etnik azlıqların kompakt yaşadığı bölgələrdə 344 seçki məntəqəsi mövcuddur. Sırf azərbaycanlılar yaşayan bölgələrdə isə 171 seçki məntəqəsi yaradılıb. Seçki bülletenlərində dövlət dili ilə bərabər, Azərbaycan və erməni dillərində də yazılar olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR