Maliyyə Bazarlarına Nəzarət Palatası aqrar sığorta tariflərinin maksimum həddini müəyyən edəcək

Maliyyə Bazarlarına Nəzarət Palatası aqrar sığorta tariflərinin maksimum həddini müəyyən edəcək
# 04 mart 2016 08:37 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının kənd təsərrüfatında əmlakın sığortasının subyekti kimi də çıxış etməsi, aqrar sahədə sığorta tariflərinin maksimum həddinin müəyyən etmək səlahiyyətinə dövlətin əvəzinə sahib olması təklif edilir.

APA-nın məlumatına görə, bu təkliflər Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı səsləndirilib.

Qanunun 4-cü maddəsində (Kənd təsərrüfatında əmlakın sığortasının subyektləri) təklif edilən dəyişiklikdə kənd təsərrüfatı əmlakının sığortasının subyektləri sırasında müvafiq icra hakimiyyəti orqanlarının ardınca maliyyə bazarlarına nəzarət orqanı adı da əlavə edilir. Bildirilib ki, burada maliyyə bazarlarına nəzarət orqanı dedikdə yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur.

Bundan başqa, dəyişikliklə qanunun 6.2 (Hər bir sığorta hadisəsi üzrə sığorta haqqının hesablanması üçün istifadə olunan tarif müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş maksimum sığorta tarifindən çox ola bilməz) və 8.1.2 (sığorta tariflərinin maksimum həddini müəyyən etmək) maddələri ləğv edilir. Komitə sədri Eldar İbrahimov qeyd edib ki, buna əsasən də kənd təsərrüfatı sahəsində sığorta tariflərinin maksimum həddinin müəyyən edilməsi dövlətin vəzifələri sırasından çıxarılır və qeyri-dövlət orqanı olan Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və bu gün keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR