Nazir: “Çinli iş adamları Ələt azad ticarət zonasında iştirak edə bilərlər”

Nazir: “Çinli iş adamları Ələt azad ticarət zonasında iştirak edə bilərlər”
# 07 fevral 2018 14:15 (UTC +04:00)

İqtisadiyyat naziri Şahin Mustafayev Çinə səfər çərçivəsində Şaansi əyalətinin qubernatoru Liu Goucun ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Şaansi əyaləti ilə əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə Ş. Mustafayev Azərbaycanın Çinlə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini, ölkələrimizin ticarət, investisiya, maliyyə və texniki əməkdaşlıq sahələrində əlaqələrini, tranzit əlaqələrinin genişləndirilməsinin prioritetliyini vurğulayıb, ölkəmizin Çinin regionları ilə də əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

Ş. Mustafayev Şaansi əyalətində yerləşən şirkətlərin Azərbaycanda yaradılan sənaye parklarında investor kimi iştirak edə biləcəyini, parkın rezidentləri üçün tətbiq edilən güzəştlərdən, eləcə də investisiya təşviqindən yararlana biləcəyini, o cümlədən Şaansidən olan iş adamlarının Ələt azad ticarət zonasında da iştirak edə biləcəyini vurğulayıb. Avtomobil sənayesi sahəsində əməkdaşlıq imkanları barədə danışan Ş. Mustafayev Şaansi avtomobil zavodunun istehsal etdiyi yük maşınlarının və avtobusların Azərbaycanda da satıldığını qeyd edib. Azərbaycanda yaradılan sənaye məhəllələri barədə məlumat verən iqtisadiyyat naziri birgə istehsalın təşkil oluna biləcəyini vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində birgə müəssisələrin yaradılmasının, İKT-nin əməkdaşlıq istiqamətlərindən olduğunu qeyd edib.

Şaansi əyalətinin qubernatoru Liu Quocun qədim İpək yolu üzərində yerləşən Azərbaycanın son illər hərtərəfli inkişafını məmnunluqla müşahidə etdiklərini bildirib, "Kəmər və yol" strategiyası çərçivəsində ölkəmizlə əlaqələrin genişləndirildiyini bildirib. Vurğulanıb ki, 2015-ci ildə prezident İlham Əliyevin Çinə dövlət səfərini Şaansi əyalətindən başlaması əyalətlə Azərbaycan arasında əməkdaşlığın qurulması və genişləndirilməsi üçün yaxşı təməl rolunu oynayıb. Qubernator Sianda Transxəzər nəqliyyat dəhlizinin uğurlu təqdimatını qeyd edərək, Azərbaycan nümayəndə heyətinin səfərinin Şaansi əyaləti ilə Azərbaycan arasında əlaqələrin dərinləşməsində əhəmiyyətli olacağını bildirib. L. Quocun Şaansi əyaləti ilə Azərbaycan arasında əməkdaşlığın böyük potensialı olduğunu, hər iki tərəfin bu potensialdan faydalanacağını diqqətə çatdırıb.

Çinin Sian şəhərinə səfər zamanı iqtisadiyyat naziri həmçinin, İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədri Li Cunxan ilə görüşüb. Görüşdə qeyd edilib ki, 75 ölkədən 90 təşkilatın daxil olduğu quruma 2016-cı ildən Azərbaycan Ticarət və Sənaye Palatası, AZPROMO və Azərbaycan Sahibkarlar Konfederasiyası da üzvdür.

Ş. Mustafayev İpək yolu ölkələri arasında ticarət-investisiya və mədəni əməkdaşlığın dəstəklənməsi sahəsində fəaliyyət göstərən fondla iqtisadi sahədə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb, Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar, eləcə də ölkəmizin nəqliyyat, tranzit və investisiya imkanları barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR