Azərbaycanda paralimpiyaçı könüllülər hərəkatı yaradılır

Azərbaycanda paralimpiyaçı könüllülər hərəkatı yaradılır
# 21 fevral 2019 18:42 (UTC +04:00)

Azərbaycan Milli Paralimpiya Komitəsində (MPK) paralimpiyaçı könüllülər hərəkatının yaradılması məqsədi ilə görüş keçirilib. MPK-dən ONA-ya verilən məlumata görə, yığıncaqda Qarabağ qaziləri Kamal Musavi, Elşən Cəbiyev, sağlamlıq imkanları məhdud QHT rəhbərləri və ictimai həyatda fəal olan şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan komitə prezidenti İlqar Rəhimov son illər ölkəmizdə paralimpiya sahəsində görülən işlərdən söz açıb. Onun sözlərinə görə, 23 il öncə iki nəfərlə başlayan paralimpiya hərəkatına bu gün minlərlə insan qoşulub. Bu illər ərzində idmançılarımız 6 paralimpiya oyununda iştirak ediblər. 9 qızıl, 17 gümüş və 11 bürünc olmaqla, ümumilikdə 37 medal qazanıblar.

Paralimpiya sahəsində qazanılan medalların sayı ildən-ilə artıb. Bu gün də paralimpiyaçılarımız müxtəlif beynəlxalq yarışlarda uğurla iştirak edir və bayrağımızı yüksəklərə qaldırırlar.

MPK prezidenti uşaq paralimpiya hərəkatı haqqında da söz açıb. Onun sözlərinə görə, son dövrlər ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılar arasında uşaq paralimpiyasının yetirmələri də az deyil.

İ.Rəhimov qeyd edib ki, MPK əlilliyi olan şəxslərin idmana cəlb olunması ilə yanaşı, digər sosial məsələlərə də diqqət ayırır. Buraya əlillərin təhsili və məşğulluq məsələləri də daxildir. Hazırda əlil arabası istifadəçiləri üçün şəhər infrastrukturunun yaxşılaşdırılması istiqamətində Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlıq edilir.

Komitə prezidenti may ayında Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-pri yarışı barədə söz açıb. İ.Rəhimovun sözlərinə görə, Paralimpiya Komitəsi bu yarışların təşkil olunmasında əlilliyi olan şəxslərin də xidmətindən faydalanmaq istəyib. Bu məqsədlə də əlilliyi olan fəal şəxslərlə belə bir görüş təşkil edilib.

Tədbirdə çıxış edən Qarabağ qazisi Kamal Musavi paralimpiya hərəkatı haqqında söz açıb. O bildirib ki, dövlətimizin inkişafı üçün hər bir şəxs öz bacarıqları çərçivəsində işlər görməlidir. Bu baxımdan, əlilliyi olan şəxslərin də ictimai həyatda fəal iştirakı vacibdir.

Daha sonra boccia idman növü üzrə yığma komandanın baş məşqçisi, Qarabağ qazisi İlham Məhərrəmov, marafon qaçışı üzrə idmançı Elşən Quliyev, ASAN xidmətin əməkdaşı Azər Əlizadə, İstedadlı Əlillər İctimai Birliyinin rəhbəri Cavad Qasımov və digər əlil fəallar Sevda Səfərəliyeva, Qoşqar Əkbərov, Mətanət Quliyeva və Asif Qasımov çıxış edərək təkliflərini səsləndiriblər.

Tədbirdə çıxış edən digər şəxslər də əlillərin ictimai həyatda fəal iştirakının vacib olduğunu qeyd ediblər. Əlillərin cəmiyyətə inteqrasiyası üçün könüllülük hərəkatının önəmi vurğulanıb. Paralimpiyaçı könüllülər hərəkatının yaradılması təklifi yekdilliklə qəbul olunub. Paralimpiyaçı könüllülərin ölkəmizin ictimai həyatında fəal iştirak edəcəyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR