Göygöldə məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib - FOTO

Göygöldə məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib - FOTO
# 30 dekabr 2019 13:44 (UTC +04:00)

Bu gün Göygöl rayonunda məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış kompleksi istifadəyə verilib.

APA-nın yerli bürosunun məlumatına görə, açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə iştirak ediblər.

Qeyd olunub ki, bütün zəruri sosial-texniki infrastrukturu olan 130 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət məhəllənin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb.

Yeni yaşayış məhəlləsi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən layihələndirilib və tikilib. Ayrılmış 1,5 hektar torpaq sahəsində tikinti işlərinə 2019-cu ilin avqust ayında başlanılıb. Yeni yaşayış kompleksində hər biri 5 mərtəbəli olmaqla 3 yaşayış binası müvafiq mühəndis kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleksdə yerləşən mənzillərdən 15-i birotaqlı, 55-i ikiotaqlı, 50-i üçotaqlı, 10-u dördotaqlıdır.

Bu kompleksə Göygöl rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR