BDU məzunlarının "Beynəlxalq Məzun Assosiasiyası" yaradılıb

BDU məzunlarının "Beynəlxalq Məzun Assosiasiyası" yaradılıb
# 25 noyabr 2019 18:16 (UTC +04:00)

Bakı Dövlət Universitetinin məzunlarının "Beynəlxalq Məzun Assosiasiyası" təsis olunub.

APA-nın məlumatına görə, bu barədə Bakı Konqres Mərkəzində keçirilən Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumunda müzakirələrdən sonra qərar verilib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, bu Assosiasiya formal xarakter daşımamalıdır:

"Bu işi tez müddətdə reallaşdırmaq istəyirik. Çalışmalıyıq ki, 3-4 ay ərzində bununla bağlı işlər reallaşdırılsın".

Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, Assosiasiyada elmi fəaliyyət, biznes, inzibati idarəetmədə və digər bütün sahələr üzrə işləri görən, koordinasiya edən bir nəfər olmalıdır:

"Vahid Assosiasiya yaradılmalıdır. Eyni zamanda, Assosiasiyanın vahid elektron portalı və mobil applikasiyası da yaradılmalıdır. "ASAN Xidmət" olaraq bu işi üzərimizə götürə bilərik. Bunun sayəsində hər hansı layihə ilə bağlı dəstək lazım olarsa, bütün məzunlar bu barədə məlumatlana və dəstəyini göstərə bilər".

Qeyd edək ki, BDU məzunu olan Böyük Britaniyanın Kembric Universitetinin professoru Qərib Mürşüdov Assosiasiyanın elmi istiqamət üzrə koordinasiyasını öz üzərinə götürüb və bildirib ki, ilk növbədə bütün məzunların elektron siyahısı hazırlanmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR