XİN: Cəbhədə insidentlərin araşdırılması mexanizmi hədəf deyil

XİN: Cəbhədə insidentlərin araşdırılması mexanizmi hədəf deyil
# 21 noyabr 2016 14:18 (UTC +04:00)

"İnsidentlərin araşdırılması mexanizmi hədəf deyil, münaqişənin həllinə xidmət edə biləcək köməkçi vasitələrdən biridir. Həqiqətən ilk növbədə ondan başlamalıyıq ki, insidentlər nəyə görə baş verir?"

APA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev son günlər insidentlərin araşdırılması mexanizmi ilə əlaqədar Ermənistan xarici işlər naziri və digər rəsmi şəxsləri müxtəlif təhrifedici bəyanatlarına münasibət biidirərəkən deyib.

H. Hacıyev Azərbaycan prezidentinin Münhen Təhlükəsizlik Konfransındakı çıxışını xatırladıb: "Dövlətimizin başçısı Münhen Təhlükəsizlik Konfransında əhatəli və məzmunlu çıxışı zamanı beynəlxalq auditoriya qarşısında bildirmişdi: “Sual ondan ibarətdir ki, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın”.

Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra insidentlər baş verməz, heç onların araşdırılmasına da ehtiyac qalmaz".

XİN sözçüsü qeyd edib ki, münaqişənin həlli prosesinin ən vacib hissəsi olan Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması məsələsi Ermənistan tərəfindən qəsdən arxa plana atılır, insidentlərin araşdırılması kimi texniki və köməkçi addım ön plana çəkilir və siyasi möhtəkirlik obyektinə çevrilir: "Tamamilə aydındır ki, Ermənistan bu mexanizm adı altında Azərbaycan ərazilərinin işğalını möhkəmləndirməyə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində verdikləri bəyanatlarda qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvonu saxlamağa çalışır.

Biz dəfələrlə bildirmişik ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi kimi insidentlərin araşdırılması mexanizmini də nəzərdən keçirməyə hazırıq".

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR