Azərbaycanda yeraltı qaz anbarlarının həcmi 3,5 mlrd. kubmetrə çatdırılacaq

Azərbaycanda yeraltı qaz anbarlarının həcmi 3,5 mlrd. kubmetrə çatdırılacaq
# 25 may 2018 08:05 (UTC +04:00)

Qaz anbarlarının həcminin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə tanış olmaq məqsədi ilə, “Azneft” İstehsalat Birliyinin rəhbərliyinin iştirakı ilə Qaz Anbarlarının İstismarı İdarəsinin “Qalmaz” yeraltı qaz anbarı sahəsində texniki müşavirə keçirilib.

"APA-Economics"in məlumatına görə, “Azneft” İB-nin Baş direktoru Daşqın İskəndərovun rəhbərliyi ilə “Neftqaztikinti” trestinin rəisi Mirkazım Abbasovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirak etdiyi işçi heyət öncə “Qalmaz” yeraltı qaz anbarı sahəsinə baxış keçirib.

Daha sonra isə sözügedən sahənin inzibati binasında texniki müşavirə keçirilib. İclası giriş sözü ilə açan “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov strateji obyektlərdən sayılan və ölkəmizin enerji təminatında mühüm rol oynayan Yeraltı Qaz Anbarlarının yenidən qurulması, genişləndirilməsi, qabaqcıl texnologiyaların tətbiqi və Qaz anbarının effektivliyinin yüksəldilməsi istiqamətində son illər ərzində böyük işlərin görüldüyünü və bu işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Mövcud yeraltı qaz anbarlarının aktiv qaz həcminin genişləndirilməsi məqsədilə “Azneft” İstehsalat Birliyi tərəfindən bir sıra layihələrin reallaşdırıldığını deyən D. İskəndərov, Qalmaz və Qaradağ yeraltı qaz anbarlarının tutumunun artırılaraq 5 mlrd. kubmetrə çatdırılması qarşıya mühüm bir vəzifə kimi qoyulduğunu vurğulayıb. D.İskəndərov bildirib ki, bu proses iki mərhələli formada həyata keçiriləcək. İlk öncə daxili imkanlar hesabına qaz anbarlarının həcminin 3,5 milyard kubmetrə çatdırılması planlaşdırılır.

İdarə rəisi Rövşən Qarayev bu istiqamətdə görüləcək işlər barəsində geniş məlumat verib. R.Qarayev gələn ilin may ayına kimi “Qalmaz” yeraltı qaz anbarı sahəsinə aktiv qaz həcminin 1,5 milyard olmaqla bufer qaz həcminin 2,3 milyard kubmetrə çatdırılması üzrə işlər görüləcəyini bəyan edib. Bunun üçün, Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən qaz anbarlarının həcminin genişləndirilməsi istiqamətində mühüm tədbirlər – yeni quyuların qazılması, yerüstü avadanlıqların – qaz təsərrüfatının yenidən qurulması və mövcud infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçiriləcək.

Müşavirə zamanı qeyd olunub ki, bu il ərzində “Qalmaz” yeraltı qaz anbarı sahəsində 3-cü bloka 6, 4-cü bloka 15 yeni quyunun qazılması planlaşdırılır. Sözügedən sahədə 6 yeni kompressor stansiyasının tikilərək 2019-cu ilin qazvurma mövsümünə kimi başa çatdırılması nəzərdə tutulur. Yeni tikiləcək kompressor stansiyalarının avadanlıqlarının təchiz edilməsi istiqamətində işlərin davam etdirildiyi qeyd olunub. 3-cü blokun qaz paylama məntəqəsində 15 ədəd quyu üçün yeni manifold sisteminin tikintisi həyata keçiriləcək. Bu məqsədlə anbarlarda, eləcə də kompressor və elektrik təsərrüfatlarında mühüm yenidənqurma və genişləndirilmə işlərinin aparılacağı ifadə olunub.

Sonda yekun nitqi ilə çıxış edən “Azneft” İstehsalat Birliyinin Baş direktoru bu işlərin həyata keçirilməsində çatışmazlıqlar barəsində onların problemlərini dinləyib və problemlərin aradan qaldırılmasına dair müvafiq göstərişlər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR