Anar Məmmədxanov haqqında kitabın təqdimatı olub

Anar Məmmədxanov haqqında kitabın təqdimatı olub
# 03 aprel 2018 18:47 (UTC +04:00)

Bakıda Beynəlxalq Muğam Mərkəzində deputat Elmira Axundovanın müəllifi olduğu "Anar Məmmədxanov. Kapitanın taleyi" (Анар Мамедханов. Судьба капитана) adlı kitabının təqdimatı olub. APA-nın məlumatına görə, "Bakılı oğlanlar" komandasının kapitanı, eks-deputat Anar Məmmədxanovun vəfatının ildönümü ərəfəsində onun həyat və yaradıcılığına həsr olunan kitabın təqdimatında yazıçı Anar, yazıçı Çingiz Abdullayev, Ombudsman Elmira Slüeymanova, Milli Məclisin deputatları Səməd Seyidov, Jalə Əliyeva, Fuad Muradov, Mixail Zabelin, Asim Mollazadə, Rövşən Rzayev, Hadi Rəcəbli, Nizami Cəfərov və digərləri, o cümlədən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, "Bakılı oğlanlar”ın keçmiş üzvləri, bir neçə ölkənin Azərbaycandakı səfirləri, diaspor rəhbərləri, media rəhbərləri, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Kitab rus dilində nəşr olunub. Təqdimat Anar Məmmədxanovun həyat yolundan bəhs edən video çarxın nümayişi ilə başlayıb. Aparıcı Murad Dadaşov bildirib ki, Anar Məmmədxanovla bağlı belə bir kitabın təqdimatı onu sevənlər üçün böyük hədiyyədir. Müəllif Elmira Axundova bildirib ki, bu Anar Məmmədxanovla bağlı sayca dördüncü kitabdır: "Mən əvvəlki yazılan kitabları oxudum, Anar Məmmədxanovla bağlı araşdırma apardım və sonda bu kitabı yazıb ərsəyə gətirməyi özümdə ehtiyac hiss etdim. Əslində bu kitab tək mənim yox, bu zalda iştirak edən tanınmış şəxslərin birgə məhsuludur. Hər insan barədə, təbii ki, kitab yazılmır. Mənim ulu öndər Heydər Əliyev ilə bağlı kitabım, cənab prezident İlham Əliyev ilə bağlı da kitabım var və bütün bunların hamısını özümdə bir gərək hiss edərək yazmışam".

Yazıçı Anar isə bildirib ki, Anar Məmmədxanovla bağlı belə bir kitabın yazılması cəmiyyət üçün böyük töhfədir: "Anar Məmmədxanov kimi istedadı dərindən tanımaq bizim gənclər üçün çox faydalıdır və Elmira Axundova bu kitabda bununla bağlı nə lazımdır təqdim edib".

Polad Bülbüloğlu də çıxışında Anar Məmmədxanovla bağlı, "Bakılı oğlanların" ilkin fəaliyyəti, Moskvadakı qələbələri və digər xatirələrini bölüşüb. O, kitabın müəllifinə belə bir kitabı ərsəyə gətirdiyi üçün təşəkkürünü bildirib.

A. Məmmədxanovun bacısı Nailə Məmmədxanova da qardaşının keçdiyi ömür yolundan danışaraq onunla bağlı xatirələrini bölüşüb.

Daha sonra çıxış edən "Bakılı oğlanlar" komandasının keçmiş üzvləri Tahir və Cabir İmanovlar, Bəhram Bağırzadə və digərləri, kapitanları Anar Məmmədxanovla bağlı hazırladıqları indiyə qədər yayımlanmayan görüntüləri təqdim edərək təəssüratlarını bölüşüblər.

Təqdimat çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR