Dövlət Gömrük Komitəsi və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi anlaşma memorandumu imzalayıb

Dövlət Gömrük Komitəsi və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi anlaşma memorandumu imzalayıb
# 08 may 2018 14:03 (UTC +04:00)

Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi gömrük işinin səmərəli təşkili yönündə reallaşdırılmış ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsi olaraq son illər milli iqtisadiyyatın stimullaşdırılması, ticarət-iqtisadi münasibətlərdə gömrük tənzimlənməsi vasitələrinin tətbiqi, gömrük ödənişlərinin alınaraq dövlət büdcəsinə köçürülməsi, valyuta nəzarətinin və iqtisadi təhlükəsizliyin təmin olunması, daxili bazarın qorunması, gömrük işi sahəsində cinayətlər və digər hüquqpozmalar ilə mübarizə sahəsində mühüm nailiyyətlər əldə olunub, nəzarət sisteminin müasir tələblərə uyğunlaşdırılması üçün əlverişli hüquqi baza yaradılıb.

Görülmüş tədbirlərin davamı kimi dövlət başçısının “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli 6 nömrəli sərəncamına əsasən Azərbaycanda bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqinin məqsədəuyğun hesab edilməsi digər sahələr kimi bu sektorda da dövlət idarəçiliyinin təkmilləşdirilməsinə əlverişli şərait yaratmaqla ödənişlərin dövlət büdcəsinə köçürülməsinin, habelə insan hüquq və azadlıqlarına dövlət təminatının etibarlılığını daha da gücləndirib.

Gömrük orqanlarının milli iqtisadiyyatın formalaşması və büdcənin təşkilində vacib qurum olmaqla vətəndaşlarla daim açıq təmasda olmasının zəruriliyini nəzərə alaraq bu qurumun şəffaf olması, bu sahədə hesabatlılığın təmin edilməsi, bürokratik əngəllərin aradan qaldırılması, korrupsiya və digər hüquqpozmaların qarşısının alınması mühüm əhəmiyyət kəsb edir.

Məhz bu məsələlərin əhəmiyyətindən irəli gələrək mayın 8-də hər iki qurumun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin arasında korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev çıxış edərək ölkəmizdə gömrük işinin təşkili istiqamətində atılan addımlardan biri kimi münbit sahibkarlıq mühitinin yaradılmasına, xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən müvafiq ticarət əməliyyatlarını sürətli, şəffaf və asan şəkildə həyata keçirməsinə xidmət edən gömrük sistemi qurulmasının səmərəliliyinin daha da artırılmasının vacib olduğunu qeyd edib. Ölkədə həyata keçirilən mütərəqqi sosial-iqtisadi və hüquqi islahatlar çərçivəsində rəhbəri olduğu qurum qarşısında olduqca mühüm vəzifələr qoyulduğunu bəyan edən S.Mehdiyev komitə tərəfindən gömrük işinin bütün sahələrinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı baş verə biləcək hər növ qanun pozuntularının qarşısının alınması yönündə Baş İdarə və eləcə də digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın bu sahənin inkişafına əvəzsiz töhfə olacağını vurğulayıb, birgə fəaliyyət yönümlü əlaqələrin daha da genişləndirilməsi üçün bütün səylərin səfərbər ediləcəyini bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan siyasi, iqtisadi və institusional islahatlarının maliyyə intizamının gücləndirilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsində dövlət orqanları və digər qurumlarla əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, hazırkı sənədin imzalanmasının istər tərəflər arasında korrupsiya hüquqpozmalarının aşkar edilməsi və araşdırılması, kölgə iqtisadiyyatının yaranmasına səbəb olan qaçaqmalçılıq cinayətinin törədilməsinin, eyni zamanda gömrük əməkdaşları tərəfindən törədilmiş hüquqpozmaların qarşısının alınması, istərsə də başqa əməkdaşlıq istiqamətləri kontekstindən əvəzsiz rola malik olduğunu bildirib, bu yeni sazişin cəmiyyətin və dövlətin maraqlarına xidmət edəcəyindən əminliyini ifadə edib.

İmzalanma mərasimindən sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR