Bu il yekun attestasiyada iştirak edəcək rezidentlərin sayı açıqlanıb

Bu il yekun attestasiyada iştirak edəcək rezidentlərin sayı açıqlanıb
# 25 oktyabr 2017 12:35 (UTC +04:00)

Rezidentlərin yekun attestasiya öncəsi komissiya üzvləri ilə görüşü keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə iştirakçılara səhiyyə naziri Oqtay Şirəliyevin yekun attestasiyanın keçirilməsi ilə əlaqədar 11.10.2017-ci il tarixli 64 №-li əmri ilə tanış edilib.

Məlumat verilib ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na uyğun olaraq verilən əmrə əsasən, yekun attestasiyanın keçirilməsi üçün 122 nəfərdən ibarət komissiya yaradılıb. Görüşdə keçiriləcək imtahan şərtləri haqqında ümumi məlumat da verilib. Bildirilib ki, yekun attestasiyanın I mərhələsi 25 oktyabr tarixində ATU-nun Virtual Test Mərkəzində, II mərhələsi isə 27 və 30 oktyabr tarixlərində müvafiq ixtisaslar üzrə cərrahi, terapevtik, stomatoloji və onkoloji klinikalarında və tədris binalarında keçiriləcək. Cari il ərzində Bakı şəhərində olan 41 bazadan ümumilikdə 425 nəfər yekun attestasiyasına buraxılıb ki, onlardan da 141 nəfəri ATU-nun məzunlarıdır. Bundan başqa, keçən il attestasiyaya buraxılmayan 28 nəfər və attestasiyanın I mərhələsindən keçə bilməyən 13 nəfər, habelə attestasiyaya gəlməyən 7 nəfər də (cəmi 48 nəfər) bu il yekun attestasiyada iştirak etməlidirlər. Bu il ümumilikdə rezidenturaya aid 40 ixtisasın hamısından 473 nəfər yekun attestasiyadan keçməlidir.

Bu il yekun attestasiyada iştirak edəcək rezidentlərin və həkim-mütəxəssis hazırlayan ixtisasların sayının maksimal həddə çatdığı da vurğulanıb. Bunları nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan komissiya üzvlərinin sayı da artırılaraq 126 nəfərə çatdırılıb. Halbuki, ötən il komissiya üzvləri 86 nəfər idi.

Attestasiyanın test mərhələsindən narazı qalan rezident olarsa, ATU üzrə fəaliyyət göstərən Apelyasiya komissiyası tərəfindən obyektiv qiymətləndirilməlidir. Attestasiyanın təşkili və keçirilməsində Rezidentura şöbəsinin və Virtual Test Mərkəzinin də üzərinə böyük məsuliyyət düşəcək .
İclasda qeyd olundu ki, attestasiyanın II mərhələsinin təşkilində ATU-nun klinika rəhbərləri də yaxından iştirak etməlidir. Çünki həmin günlər II mərhələ imtahanlarını vermək ücün klinikalara eyni vaxtda 150-160 rezident daxil olacaq. Odur ki, kafedra müdirləri ilə birlikdə klinika rəhbərləri də rezidentlərin imtahan otaqlarına daxil olmasını təmin etməli, müvafiq ixtisaslar üzrə attestasiyaların keçirilməsi üçün auditoriyaların təşkili, lazımi əyani vəsaitlərlə təminatına kömək göstərməlidirlər.

Qeyd olunub ki, imtahanlar saat 9:00-da başlayacaq. İmtahanların nəticələri elə həmin gün rezidentura şöbəsinə çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR