Marneulidə yeni məktəb binasının açılışı olub

Marneulidə yeni məktəb binasının açılışı olub
# 15 sentyabr 2016 12:59 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanda yeni dərs ili başlanıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Qasımlı kənd orta məktəbinin binasının əsaslı təmirdən sonra açılışı olub. Açılış mərasimində dövlət himni səsləndirilib. Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət naziri Ketevan Tsixelaşvili, nazirin Kvemo Kartli üzrə müşaviri Zaur Darğallı, Marneuli rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, məktəb direktoru Məmməd Məmmədov, Marneuli rayon təhsil resursları mərkəzinin sədr əvəzi Kənan Omarov, məktəbin müəllimi Rüstəm Əliyev və başqaları çıxış edərək yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq müəllimləri və şagirdləri təbrik ediblər.

Sonra nazir və digər rəsmilər məktəb binasına baxış keçiriblər və birincilərə noutbuklar hədiyyə edilib.

Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət naziri Ketevan Tsixelaşvili çıxışında ölkədə milliyyətindən asılı olmayaraq hər bir vətəndaşın təhsil hüququna malik olduğunu, təhsilin inkişafı sayəsində həmçinin etnik azlıqların Gürcüstan cəmiyyətinə inteqrasiyası istiqamətində irəliləyişlər olduğunu bildirib: “Bu gün biz bərpadan sonra Qasımlı orta məktəbin açılışını həyata keçirdik. Çox sevindiricidir ki, bu məktəbdən Gürcüstan ali məktəblərinə qəbul olan abituriyentlər var. Məktəbin şagirdləri sərbəst olaraq həm gürcü dilində, həm də Azərbaycan dilində danışırlar.

Bu təhsil ocağında gürcü dilinin öyrədilməsi yüksək səviyyədədir və biz gələcəkdə kadr məsələlərinin həllində problemlərlə qarşılaşmayacağıq”.

Sonra dövlət naziri müəllimlərin problemləri ilə də maraqlanıb.

Qeyd edək ki, Qasımlı kəndində ilk ibtidai məktəb 1922-ci ildə açılıb, 1926-27-ci illərdə kənddə natamam orta məktəbin və 1956-cı ildə isə orta məktəbin açılışı olub.

Məktəb binası bir müddət əvvəl tamamilə yanıb, bundan sonra şagirdlər fərdi evlərdə və qonşu kənddəki məktəbdə təhsil alıblar. Bina müasir standartlara uyğun təmir olunub.

Hazırda Qasımlı kənd orta məktəbində 50 nəfərədək müəllim çalışır, iki növbə üzrə 360 nəfərədək şagird təhsil alır. Bu gün 70 şagird birinci sinifdə dərsə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR