Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi keçirdiyi interaktiv sorğunun nəticələrini açıqlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi keçirdiyi interaktiv sorğunun nəticələrini açıqlayıb
# 29 fevral 2016 11:51 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (www.mlspp.gov.az) keçirilən növbəti interaktiv sorğunun nəticələri məlum olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Çağrı Mərkəzi” vasitəsilə sorğunuzun cavablandırılması təmin edilirmi?” sorğusunda iştirak edən 4 562 nəfər respondentdən 3054 nəfəri və ya 67%-i bu sualı müsbət cavablandırıb.

Son illərdə əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində nazirlik tərəfindən aparılan islahat tədbirləri nazirliyin 142 - “Çağrı Mərkəzi”ni də əhatə edib. 142 - “Çağrı Mərkəzi” müasir tələblərə uyğun iş şəraiti ilə təmin edilərək, onun fəaliyyəti elektron texnologiyalar əsasında təkmilləşdirilib. Burada hər bir müraciət, onun edildiyi telefon nömrəsi dərhal qeydiyyata alınaraq, aidiyyəti üzrə yönləndirilir və operativ cavablandırılması təmin edilir. “Çağrı Mərkəzi”ndə müraciətlərin cavablandırılması işinə nazirlik rəhbərliyi tərəfindən xüsusi monitorlar vasitəsilə daimi nəzarət həyata keçirilir.

142 - “Çağrı Mərkəzi”nin sorğuların cavablandırılması üzrə xidmət spektri də getdikcə genişlənir. Artıq vətəndaşlar sosial təminat, əlilliyin müəyyən edilməsi, reabilitasiya, məşğulluq, əmək qanunvericiliyi, elektron xidmətlərdən istifadəyə dair məsələlərlə yanaşı, əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması ilə bağlı aparılmış müayinənin nəticəsi barədə də 142 - “Çağrı Mərkəzi”ndən məlumat əldə edə bilirlər. Bütün bunlar isə vətəndaşlar tərəfindən “Çağrı Mərkəzi”nə marağın artması ilə müşahidə olunur.

İnteraktiv sorğuda iştirak edən respondentlərin 1052 nəfəri və ya 23%-i 142 - “Çağrı Mərkəzi” vasitəsilə sorğularının qismən cavablandırıldığını, 456 nəfəri və ya 10%-i isə cavablandırılmadığını qeyd edib. Bu nəticə də “Çağrı Mərkəzi”nin gələcək fəaliyyətində nəzərə alınacaq.

Ümumilikdə 142 - “Çağrı Mərkəzi” vasitəsilə ötən il 111 386, cari ilin yanvar ayında isə 13 455 müraciət cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR