Azərbaycan xalçaları Bolqarıstanda beynəlxalq festivalda nümayiş olunub

Azərbaycan xalçaları Bolqarıstanda beynəlxalq festivalda nümayiş olunub
# 28 iyun 2016 09:16 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İyunun 24-26-da Bolqarıstanın Kotel şəhərində Kotel Şəhər İcra Hakimiyyəti və “Trakiyalıların yolu” Fondunun birgə təşkilatçılığı ilə “Xalçaların yolu” adlı festival keçirilib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, festivalda Kotel şəhər icra hakimi Kosta Karanaşev, Kotel şəhərinin qubernatoru Tatyana Petkova, Bolqarıstan Xalq Məclisinin GERB partiyasından olan üzvləri, Bolqarıstanın müxtəlif dövlət qurumlarının, bu ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələri, jurnalistlər və digərləri i iştirak ediblər.

Azərbaycanın Bolqarıstandakı səfirliyinin də qatıldığı festivalda Bakı və Quba xalçaçılıq məktəblərinin müxtəlif nümunələrini nümayiş etdiriblər.

Tədbirdə çıxış edən Kotel şəhər icra başçısı K.Karanaşev bu il ilk dəfə olaraq keçirilən bu festivalın böyük marağa səbəb olduğunu, buna görə də festivalın hər il keçirilməsinin qərarlaşdırıldığını bildirib.

“Trakiyalıların yolu” fondunun sədri Diana Kasmetska festivalda Azərbaycan, İran, Macarıstan, Meksika və Bolqarıstan xalçalarının nümayiş olunduğunu bildirib.

Azərbaycanın Bolqarıstandakı səfirliyinin əməkdaşı Elmar Ağasıyev isə Azərbaycanın xalça istehsalına görə dünyada özünəməxsusluğu ilə seçildiyini, xalçaların insanların inanclarını, dini dünya görüşlərini əks etdirməklə yanaşı, həm də məişətdə bəzək əşyası kimi istifadə edildiyini bildirib. Azərbaycan xalçaları barədə ətraflı məlumat verən E.Ağasıyev ornamentlərinə, toxunma üsullarına və mövzularına görə Azərbaycan xalçalarının 7 – Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinə bölündüyünü diqqətə çatdırıb.

Azərbaycan xalçalarının çoxlu sayda bəzək kompozisiyalarına görə fərqləndiyini bildirən səfirlik əməkdaşı onların sayının 600-dən çox olduğunu və bu naxışların dəyərli miras kimi nəsildən nəslə ötürüldüyünü bildirib, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO siyahısına daxil edildiyini vurğulayıb.

Sonda qonaqlar Azərbaycan xalçaçılıq məktəblərinin nümunələri ilə tanış olublar. Azərbaycan xalçaları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR