“Bank of Baku” Ətraf Mühitin Qorunması Nominasiyası üzrə mükafata layiq görülüb

“Bank of Baku” Ətraf Mühitin Qorunması Nominasiyası üzrə mükafata layiq görülüb
# 30 oktyabr 2015 13:18 (UTC +04:00)

Bakı. Yeganə Iaçınzadə - APA-Economics. Oktyabrın 28-də “Bank of Baku” Amerika Ticarət Palatası tərəfindən təşkil olunan “AmCham CSR Excellence Award 2015” müsabiqəsində Ətraf Mühitin qorunması nominasiyası üzrə mükafata layiq görülüb.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, müsabiqə 2014-2015-ci illər ərzində fəaliyyətində korporativ sosial məsuliyyət layihələrinə yer verən şirkətlər arasında aparılıb.

Ümumilikdə, müxtəlif istiqamətdə fəaliyyət göstərən onlarla şirkət icra etdikləri layihələrlə müsabiqədə iştirak üçün öz namizədliklərini irəli sürüblər. Qaliblərin seçimi müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət komissiya tərəfindən “Ətraf mühitin mühafizəsi”, “Təhsil”, “Korporativ filantropiya”, “Mədəniyyət”, “Dayanıqlılıq”, “Könüllü fəaliyyəti”, “İqtisadi dəstək” və “Bölgələrin inkişafı” nominasiyaları üzrə aparılıb.

Fəaliyyətində korporativ sosial məsuliyyət layihələrinin icrasına xüsusi önəm verən “Bank of Baku” ətraf mühitin mühafizəsi nominasiyası üzrə namizədliyini irəli sürmüş və bu istiqamətdə “Təbiətin bizə ehtiyacı var!” şüarı altında keçirdiyi geniş miqyaslı yaşıllaşdırma aksiyasına görə mükafatla təltif olunub. “Bank of Baku”, “ağac əkək, təbiətə sahib çıxaq” mesajı ilə həyata keçirildiyi yaşıllaşdırma aksiyası çərçivəsində Binəqədi rayonunda yüzdən çox ağac əkmiş, ətraf mühitinin qorunmasına bilavasitə öz töhfəsini verib.

Bank of Baku-nun icra etdiyi bu və digər Korporativ Sosial Məsuliyyət layihələri haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR