Xələf Xələfov: "Azərbaycan Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynayacağına ümid edir"

Xələf Xələfov: "Azərbaycan Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynayacağına ümid edir"
# 10 fevral 2016 11:32 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Berlinə işçi səfər edib.

Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində o, Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi, səfir Andreas Peşke və Almaniya federal kansler administrasiyasında Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Knut Abrahamla görüşlər keçirib.

Görüşlərdə Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri, Dağlıq Qarabağ münaqişəsi və onun həllinə Almaniyanın verə biləcəyi töhfə, Xəzər bölgəsi və regional məsələlər, eləcə də qarşılıqlı maraq kəsb edən digər beynəlxalq mövzular üzrə ətraflı fikir mübadiləsi aparılıb. İki dövlət arasında mövcud olan siyasi dialoq və iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib, Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfərlərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyi vurğulanıb. Belə yüksək səviyyəli səfərlərin qarşılıqlı surətdə həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi razılışdırılıb.

X. Xələfov Almaniyanın cari ildə ATƏT sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynayacağına ümid etdiklərini bildirib. Nazir müavini Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında oynadığı fəal rolu və ölkə iqtisadiyyatının modernləşdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli islahatları vurğulayıb. Almaniya hökumətinin nümayəndələri Azərbaycanın Almaniyanın regionda mühüm siyasi və iqtisadi tərəfdaşı olduğunu qeyd ediblər, ölkənin Asiya və Avropa arasında nəqliyyat-kommunikasiya qovşaqlarının əlaqələndirilməsi və inkişafında göstərdiyi səyləri yüksək qiymətləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR