Kamal Abdulla İtaliyanın ədəbiyyat mükafatına layiq görülüb

Kamal Abdulla İtaliyanın ədəbiyyat mükafatına layiq görülüb
# 21 sentyabr 2015 09:12 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Yazıçı Kamal Abdulla İtaliyanın ədəbiyyat mükafatına layiq görülüb.

 

APA-nın məlumatına görə, yazıçının 2014-cü ildə İtaliyada nəşr olunan “Yarımçıq əlyazma” romanı işıq üzü gördükdən sonra yerli ədəbiyyat tənqidçilərinin və italyan oxucuların diqqətini cəlb edib, roman haqqında Umberto Eko, Franko Cardini və başqaları xoş sözlər söyləyiblər.

 

Roman hissə-hissə “İl sole 24 ore” qəzetində çap olunub, Beynəlxalq Milan Kitab Sərgisində təqdimatı keçirilib, daha sonra İtaliyanın Mədəniyyət Nazirliyi tərəfindən təkrar nəşr edilib, yerli televiziyalarda roman ətrafında müzakirələr aparılıblar.

 

K. Abdullanın “Yarımçıq əlyazma” romanı bu ölkədə fəaliyyət göstərən ən böyük fondlardan biri Rikardo Tanaturri Fondu tərəfindən yüksək dəyərləndirilib və roman fondun təsis etdiyi Scanno mükafatının ədəbiyyat üzrə xüsusi prizinə layiq görülüb.

 

K. Abdullaya mükafat “Yarımçıq əlyazma” romanında antik dövrün türk Homeri olan Dədə Qorqudun həyatının sirli interpretasiyasının uğurlu təsvirinə görə təqdim edilib.

 

Mükafatı Azərbaycan tərəfindən yazıçının adından Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov alıb. 1973-cü ildə təsis olunan mükafat gümüşdən hazırlanmış maskadan ibarətdir.

 

Qeyd edək ki, “Scannoprayz” mükafatı ədəbiyyat, musiqi, iqtisadiyyat, tibb, kino, memarlıq, teatr və başqa nominasiyalarda təqdim olunur. Bu mükafata layiq görülən tanınmışlar sırasında aktyor və rejissor Michele Placido (2002), “Oskar” mükafatçıları kinorejissorlar Mario Monicelli (1980) və Michelangelo Antonioni (1981) və başqalarının adını çəkmək olar.

 

Ədəbiyyat sahəsində bu mükafata müxtəlif illərdə Marcelo Figueras (2014), Valerio Massimo Manfredi (2010), David Grossman (2012), Jose Saramago (1998),  Antonio Tabucchi (1994), John Updike (1991), Saul Bellow (1988), Mario Vargas Llosa (1989) və başqaları layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR