Rafael Cəbrayılov: “Şirvanda namizədlər sağlam siyasi mübarizə aparırlar”

Rafael Cəbrayılov: “Şirvanda namizədlər sağlam siyasi mübarizə aparırlar”
# 28 oktyabr 2015 11:59 (UTC +04:00)

Bakı - APA. "Milli Məclisə seçkilər üçün təbliğat-təşviqat kampaniyası çox yüksək səviyyədə gedir". APA-nın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov deyib.

Deputat bildirib ki, bunun bir sıra obyektiv səbəbləri var: “Mən əslən Şirvanlıyam. Şirvanda böyümüşəm. Orta məktəbi burada bitirmişəm. Hər zaman bu insanların içində olmuşam. Elə bir vaxt olmayıb ki, 15 gündən artıq müddət keçsin və mən Şirvana getməyim. Bilirsiniz ki, mənim evim də Şirvandadır. Ona görə də təbliğat-təşviqat kampaniyası ürəyimcədir”.

Şirvanda demokratik mühit olduğunu deyən R.Cəbrayılov qeyd edib ki, namizədlər üçün bütün şərait yaradılıb. Onun sözlərinə görə, namizədlərin seçicilərlərlə görüşməsi məqsədilə ayrılan yerlərdən hər kəs maneəsiz istifadə edə bilir: “Şirvanda lap əvvəllərdən hər bir şərait yaradılıb. 6 namizəd var. Bütün namizədlər təbliğat kampaniyalarını aparırlar. Düzdür, görüşlərə gələn insanların sayında böyük fərqlər var. Amma namizədlərin seçicilərlə görüşüb, təbliğatlarını aparmaları üçün heç bir məhdudiyyət yoxdur. İndiyə kimi namizədlər arasında hər hansı anlaşılmazlığın yaranmasını görməmişəm. Elə bu yaxınlarda namizədlərlə qərargahımda çay süfrəsi ətrafında geniş fikir mübadiləsi apardıq. Bununla yanaşı, bir-birimizi dinlədik və seçkilərdə uğurlar arzuladıq. Şirvanda sağlam rəqabət var. Namizədlər öz təbliğat-təşviqat kompaniyalarını əks-təbliğat üzərində qurmurlar. Digərlərinə qarşı ədəbsiz hərəkət etmirlər, şərəf və ləyaqətinə, heysiyyatına toxunan addımlar atmırlar, bir sözlə, sağlam siyasi mübarizə aparırlar”.

R. Cəbrayılov bu yaxınlarda bəzi kütləvi informasiya vasitələrində ona qarşı şər-böhtan xarakterli yazıların dərc edilməsi məsələsinə də toxunub. Azərbaycan mətbuatının öz üzərinə düşən işi layiqincə yerinə yetirdiyini vurğulayan R.Cəbrayılov bildirib ki, öz xidməti vəzifəsini namusla, şərəflə, ləyaqətlə yerinə yetirən mətbuat işçiləri var: "Bununla yanaşı, mətbuatın tör-töküntüləri və üzdəniraqları da var. Yəni, utanmadan özünü jurnalist adlandıranlar var. Onları mən Azərbaycan mətbuatı sırasına aid etmirəm. Çünki onlar Azərbaycan mətbuatından kilometrlərlə uzaq insanlardır. Azərbaycan mətbuatının üzqarası, belə deyək, tör-töküntüləridir. Azərbaycan mətbuatına şərəf gətirməyən kəslərdir. Mən onu deyim ki, belə kəslər bütün fəaliyyət sahələrində var. Belə insanlardan Azərbaycan mətbuatının yaxa qurtarması ilk növbədə jurnalistikanın özünün maraq dairəsindədir. Mənim jurnalistikaya həmişə xüsusi rəğbətim olub. Həmişə demişəm ki, Azərbaycanda demokrtaiyanın inkişafı ilə bağlı hər kəs öz sferasında fəaliyyət göstərir. Amma jurnalistlər demokratiyanı sanki çiyinlərində daşıyırlar. Yəni, birbaşa onların fəaliyyəti demokratiya ilə, şəffaflıqla, aşkarlıqla bağlıdır. Amma bəzi şəxslər üzdəniraq fəaliyyətləri ilə jurnalistikanın adına ləkə gətirir. Mən bununla bağlı Milli Məclisin ilk iclaslarında cari məsələlər olan kimi çıxış edəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR