Dövlət Gömrük Komitəsinin Akademiyasında yeni dərs ilinin başlaması ilə əlaqədar mərasim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında yeni dərs ilinin başlaması ilə əlaqədar mərasim keçirilib
# 15 sentyabr 2015 11:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında yeni dərs ilinin başlaması ilə əlaqədar mərasim keçirilib.

DGK-dan “APA-Economics”ə verilən məlumata görə, mərasim Azərbaycanın dövlət himninin səslənməsi və dövlət bayrağının ucaldılması ilə başlayıb.

Tədbirdə çıxış edən DGK-nin sədr müavini Şahin Bağırov yeni dərs ilinin başlaması münasibətilə akademiyanın müəllim və tələbə heyətini təbrik edərək bildirib ki, təhsili Azərbaycanın davamlı inkişaf strategiyasında ən vacib amillərdən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyev bu sahənin inkişafına xüsusi olaraq diqqət göstərir. Təhsil ocaqlarının təmir edilərək ən müasir standartlara uyğun şəkildə yenidən qurulması, təhsil işçilərinə, elm adamlarına göstərilən dövlət qayğısı bunun əyani sübutudur.

Ş.Bağırov qeyd edib ki, DGK-nin Akademiyasının əsas missiyası savadlı, daim öz üzərində işləyən, hərtərəfli inkişaf etmiş, vətənə, dövlətə və dövlətçiliyə sadiq kadrlar yetişdirməkdir. Bu istiqamətdə akademiya rəhbərliyinin , müəllimlərin və tədris prosesinə cəlb olunan digər mütəxəssislərin var qüvvə ilə çalışdığını qeyd edən natiq, yeni yaranmasına baxmayaraq bu təhsil ocağında keyfiyyətli tədris prosesinin təşkili üçün bütün zəruri şəraitin yaradıldığını, yüksək ixtisaslı müəllimlərin tədrisə cəlb olunduğunu, tələbələrin sosial həyatının və dərsdən kənar tədbirlərin təşkilinə xüsusi diqqət yetirildiyini bildirib.

Mərasimdə akademiyanın rəhbərliyi, müəllim və tələbələr çıxış edərək təbriklərini çatdırıblar.

Daha sonra bu il akademiyaya qəbul olunana tələbələrin valideynləri ilə görüş keçirilib, onlara bu təhsil ocağı barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, DGK-nin Akademiyasında tədris hüquq və iqtisadiyyat ixtisasları üzrə aparılır. Ötən il 40, 2015-ci ildə isə 44 abituriyent bu təhsil ocağının müdavimi adını qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR